...

Azərbaycanın İrandakı səfiri Tehranda keçirilən mətbuat sərgisində görüş keçirib

Dünya xəbərləri Materials 27 Oktyabr 2010 17:34 (UTC +04:00)
Azərbaycan Pespublikasının İrandakı səfiri Cavanşir Axundov Tehranda keçirilən XVII Beynəlxalq mətbuat və informasiya agentliklərinin sərgi-festivalına gələrək, Azərbaycan guşəsinə baxış keçirib.
Azərbaycanın İrandakı səfiri Tehranda keçirilən mətbuat sərgisində görüş keçirib

İran, Tehran, 27 oktyabr /Trend, xüsusi müxbir T.Cəfərov/

Azərbaycan Pespublikasının İrandakı səfiri Cavanşir Axundov Tehranda keçirilən XVII Beynəlxalq mətbuat və informasiya agentliklərinin sərgi-festivalına gələrək, Azərbaycan guşəsinə baxış keçirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ilə səmimi görüşən səfir guşədə nümayiş etdirilən materiallarla tanış olub. Guşədə maraqlı və diqqətəlayiq təbliğat materiallarının olduğunu deyən Axundov, səfirliyin jurnalistlərə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib.

Daha sonra jurnalistlər sərgi-festivalın açılış günündə Ermənistan nümayəndə heyəti ilə yaranmış problem barədə Azərbaycanın İrandakı səfirinə məlumat veriblər.

Sərgidə Ermənistandan olan nümayəndələrin bu ölkəyə aid guşədə tanıtım nişanı olaraq, "Artsax"ın simvolu kimi təqdim edilən Dağlıq Qarabağdakı tarixi abidənin erməni abidəsi kimi təqdim olunması, "Dağlıq Qarabağ Respublikası"nın bayrağının şəkillərinin və xəritəsinin nümayişinə görə, Azərbaycan və Ermənistan mətbuat nümayəndələri arasında qalmaqal baş verib.

Azərbaycan nümayəndə heyəti əvvəlcə erməni jurnalistlərdən bu özbaşınalığa son qoymağı tələb edib. Qarşı tərəf tələbi yerinə yetirməkdən imtina etdiyi üçün, bu barədə sərginin təşkilatçılarına məlumat verilib. Təşkilatçılar sözügedən şəklin onlara tədbirə hazırlıq prosesi çərçivəsində Ermənistan tərəfindən təqdim olunmadığını bəyan ediblər və dərhal qalmaqala səbəb olan şəkillərin yığışdırılmasına göstəriş veriblər.

Sonda səfir sərginin təşkilatçısı olan İran İslam Respublikasının İslami-İrşad və Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüşüb, sərgiyə baxış keçirib, o cümlədən, qardaş Türkiyə Cümhuriyyətinin guşəsinə də baş çəkib.

Xəbər lenti

Xəbər lenti