Bakı. Trend:
Fransada Olimpiya oyunları zamanı növbəti təxribat baş verib. Belə ki, təxribatçılar fiber-optik kabelləri zədələyiblər.
Trend xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər ölkənin 6 rayonunda telekommunikasiya operatorlarının kabellərini kəsiblər. Ümumilikdə 28 bu cür insident qeydə alınıb.
Fransa KİV yazır ki, baş verənlər Paris Olimpiya Oyunlarının keçirilməsinə təsir göstərməyib.
Xatırladaq ki, iyulun 26-da gecə saat 1-dən 5:30-dək Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarlarının gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib.
Bundan başqa, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu xəbəri yayılıb.