Bakı. Trend:
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Tartus şəhərində (Dəməşqdən 220 km aralıda) keçmiş rejimin yüksək rütbəli zabitini saxlamaq üçün əməliyyat keçirib.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, məhəllələrdən birində atışma zamanı azı 9 nəfər həlak olub.
Bildirilib ki, əvvəllər bu liman şəhərində, eləcə də Latakiya, Cebla və Homsda Suriyanın dini azlığının - ələvilərin - nümayəndələrinin etiraz aksiyaları keçirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarla müşayiət olunub. Hakimiyyət buna cavab olaraq komendant saatı tətbiq edib və keçmiş prezident Bəşər Əsəd tərəfdarlarını iğtişaşları qızışdırmaqda ittiham edib.
Şahidlərin sözlərinə görə, "təhrikedici elementlərə" qarşı əməliyyatın aparıldığı Latakiyada (Dəməşqdən 320 km məsafədə) atışma səsləri eşidilir. Dəməşqdə təhlükəsizlik tədbirləri gücləndirilib, orada, paytaxtın qərbində, əvvəlki rejimin məmurlarının yaşadığı mikrorayonda atışma səsləri eşidilir.