Bakı. Trend:
Beşqat “Qızıl top” mükafatının sahibi Kriştiano Ronaldo klub rəhbərliyinin fəaliyyətindən narazı olduğu üçün Səudiyyə Ərəbistanı futbol çempionatında “Əl-Nəsr”in növbəti oyununu boykot etməyi planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbərə verir.
Məlumata görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu digər komandalarla müqayisədə necə idarə etməsindən narazıdır. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsi dövründə lazımi səviyyədə gücləndirilməyib.
Qeyd edək ki, “Əl-Nəsr” fevralın 2-də Səudiyyə Ərəbistanı çempionatının 19-cu turu çərçivəsində “Əl-Riyad”la qarşılaşacaq. Komanda 43 xal toplayaraq turnir cədvəlində 2-ci yerdə qərarlaşıb və lider “Əl-Hilal”dan üç xal geri qalır.
