...

Ukrayna baş naziri: "Prezident danışıqlar prosesindən çıxıb"

Dünya xəbərləri Materials 4 May 2007 11:38 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukrayna baş naziri Viktor Yanukoviç bəyan edib ki, aprelin 25-də siyasi böhrandan çıxış yolu tapılsa da, prezident Viktor Yuşenko danışıqlar prosesindən çıxıb.

"Prezident Yuşenko ilə anlaşdıq ki, artıq hamını danışıqlar masası arxasına keçirməyin vaxtı çatıb. Yəni söhbət ilk növbədə parlamentdə təmsil olunan partiyalardan gedir" - deyə Yanukoviç hökumətin iclasında çıxış edərkən bildirib.

Baş nazirin fikrincə, bu cür danışıqlar hakimiyyət qollarına siyasi partiyalarla ümumi dil tapmağa imkan verirdi. O qeyd edib ki, siyasi danışıqlarda iştirak üçün hər tərəfdən iki vəzifəli şəxs təyin edilmişdi.

"Mən məlumatı günün sonunda aldım. Aprelin 25-də bilindi ki, proses artıq yerindən tərpənib. Danışıqların əsası üçün bir sıra sənədlər hazırlanmışdı. Onlarla irəliləmək olardı" - deyə Yanukoviç bildirib.

Onun sözlərinə görə, ilkin anlaşmaların biri o idi ki, prezident, hökumət və parlamentin danışıqlar prosesini poza biləcək addımları dayandırılırdı. Yanukoviç təəssüf edib ki, prezidentin növbədənkənar seçkilərlə bağlı ikinci sərəncamı faktiki olaraq bu anlaşmanı pozub.

"Faktiki olaraq prezident təkbaşına bu qərarı qəbul etdi" - deyə o qeyd edib.

Yanukoviç həmçinin əlavə edib ki, Daşkənddən qayıdandan sonra prezidentlə əlaqə saxlaya bilməyib. O yalnız katibliyin rəhbəri Viktor Baloqa ilə telefonla danışa bilib. Lakin məlum olmayan səbəblərə görə Yuşenko ilə görüş baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti