Bakı. Trend:
Cari ilin 26-29 sentyabr tarixlərində Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı muzeyində “Şərq numizmatikası” mövzusunda konfrans keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin göstərişinə əsasən, ölkəmizin Rusiyadakı səfirliyinin və Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun birgə səyləri nəticəsində konfransın işində Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fondunun şöbə müdiri, professor Əli Rəcəblinin, AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynovun və Sankt-Peterburq şəhərində yaşayan soydaşımız, tarix elmləri namizədi Anar Sadıxovun iştirakları təmin edilib.
Bundan əlavə, sentyabrın 29-da Əli Rəcəbli “XVII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında sikkələrin kəsilməsi və pul dövriyyəsi” mövzusunda çıxış edəcək.