...

Qubada güclü selin yaratdığı fəsadlar aradan qaldırılıb

Hadisə Materials 2 Avqust 2015 18:35 (UTC +04:00)
Ötən gün axşam saatlarında Quba rayonunun “Qızılqaya” deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olmuşdur.
Qubada güclü selin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Ötən gün axşam saatlarında Quba rayonunun "Qızılqaya" deyilən ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olmuşdur. Hadisə yolun 56-cı kilometrliyində, Xınalıq kəndinə təqribən 1 kilometr qalmış qeydə alınmışdır. Bu barədə Trend Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətində istinadən xəbər verir.

Güclü sel suları özü ilə bərabər palçıq və daş gətirərək yolun alt hissəsindən keçən, diametri 1.5 metr olan iki suötürücüsünün girişini tutmuş, nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşmışdır. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolun bağlanmasına səbəb olmuşdur. Sel nəticəsində yol təsərrüfatına xeyli ziyan dəymişdir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən dərhal təbii fəlakətin baş verdiyi əraziyə xüsusi texnikalar və lazımi sayda canlı qüvvə səfərbər edilmişdir. Qısa müddət ərzində palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınaraq, nəqliyyat vasitələrinin hərəkəti Quba-Xınalıq və əks istiqamətdə bərpa edilmişdir.

Bundan sonra Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC-nin rəhbərliklərinin nəzarəti altında yolun açılması istiqamətində təxirəsalınmaz işlərə başlanılmışdır. Güclü selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə boyu və bu gün davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənmişdir. Bu gün günorta saatlarında yolda tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti