...

Tarix yazan QƏHRƏMANLAR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2017 08:00 (UTC +04:00)
Üçrəngli müqəddəs bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması üçün canından keçərək şəhid olmuş igid oğullarımız hər zaman ehtiramla anılacaq - tarix yazan Azərbaycan qəhrəmanları olaraq...
Tarix yazan QƏHRƏMANLAR

Mətanət Əliyeva - Trend:

Bir il əvvəl - bu gün bütün gözlər cəbhəyə dikilmişdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhədə Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribat törədərək hücuma keçmişdi. Cəbhə xəttində nə baş verirdi? Qızğın döyüş əməliyyatlarının getdiyi o günlərdə hadisələrin necə cərəyan edəcəyi və nə baş verdiyi barədə konkret fikir söyləmək çətin idi. Amma Milli Ordumuzun aprel döyüşlərində qazandığı şanlı qələbədən sonra artıq bu gün döyüş bölgəsindəki vəziyyət hamıya gün kimi aydındır. Döyüşləri başlayan işğalçı, cinayətkar Ermənistan rejiminə də. Bu barədə bir qədər sonra...

4 gün davam edən qanlı döyüşlər ermənilərin acı məğlubiyyəti ilə nəticələndi. Daha doğrusu, ermənilər təsəvvür belə edə bilməzdilər ki, aprel günlərində törətmək istədikləri təxribat əməlləri nəinki onların məğlubiyyəti ilə nəticələnəcək, hətta bir dövlət kimi xəritədən silinmələrini sürətləndirəcək - əgər sülh yolu ilə işğal altındakı torpaqları qeyd-şərtsiz azad etməsələr.

Aprel döyüşlərinin acı məğlubiyyəti Ermənistana hazırda rəhbərlik edən cinayətkar rejimin iflasını da sürətləndirdi. Ölkədəki aclığı, səfaləti, ağır iqtisadi-sosial vəziyyəti, miqrasiya prosesinin son dönəmlərdə sürətlənməsini, kütləviləşməsini, şəhərlərin, kəndlərin bir-birinin ardınca boşalmasını, acınacaqlı ictimai-siyasi vəziyyəti və faktiki olaraq iqtisadi asılılığı da nəzərə alsaq, ermənilərin müharibə ovqatına köklənmək istəyinin artıq xülya olduğunu deyə bilərik. Doğrudur, aprel döyüşlərindən sonrakı dönəmdə ermənilər bir neçə dəfə cəbhədə təxribat törətməyə cəhd etdilər. Amma göründüyü kimi, nəticə göz qabağındadır. Müharibəyə başlamaq Ermənistan üçün artıq ölüm deməkdir.

Ermənistanda keçiriləcək seçkilərdə hakimiyyətini qorumağa çalışan cinayətkar siyasi rejim qeyri-ciddi bəyanatlar verməklə ictimai rəyi real vəziyyətdən yayındırmağa çalışır. Amma bu həmin hakimiyyətdir ki, məhz aprel döyüşləri getdiyi günlərdə müharibənin dayandırılması xahişi ilə havadarlarına yalvarırdı.

Təbii ki, müharibə özü ilə böyük fəlakətlər, böyük itkilər gətirir. Amma Azərbaycan dövləti heç vaxt torpaqlarının işğal faktı ilə razılaşmayacağını dəfələrlə bəyan edib və bu mövqeyindən də geri çəkilmək niyyətində deyil. Bu isə o deməkdir ki, münaqişənin dinc yolla tənzimlənməsi prosesində geri çəkilməyə məcbur olacaq tərəf torpaqlarımızı işğal etmiş Ermənistandır. Danışıqlar masasında alternativ variantın olmadığı isə ortada. Bir il əvvəl aprel ayının ilk günlərində cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verən Azərbaycan müharibəni istəmədiyini, eyni zamanda da torpaqlarının ilhaqına imkan verməyəcəyini bəyan etdi. Sülhpərvər niyyətini ortaya qoyan Azərbaycan dövləti 4 günlük müharibədən sonra döyüş əməliyyatlarının dayandırılması ilə bağlı çağırışlara müsbət cavab verdi. Bununla da, Azərbaycan bütün dünyaya haqlı mövqeyini bir daha nümayiş etdirdi.

Diqqətli oxucunun yadına salmaq istərdim ki, rəsmi Bakı qızğın döyüş əməliyyatlarının dayandırılmasından sonra işğaldan azad edilmiş torpaqlarımıza beynəlxalq ictimaiyyətin təmsilçilərini, siyasi, ictimai xadimləri, dünyanın nüfuzlu KİV nümayəndələrinin səfərlərini təşkil edərək, ermənilərin torpaqlarımızda törətdiyi vəhşilikləri əyani şəkildə göstərdi. Azərbaycana qarşı daima ikili standartlar nümayiş etdirən beynəlxalq güclər isə aprel döyüşlərindən sonra artıq cəbhədə döyüşlərin başlamasına hər vəchlə yol verməmək üçün çağırışlar edirlər. Bu mövqe isə danışıqlar masasında tərəflər arasındakı balansın birmənalı şəkildə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir. Azərbaycana diktə etmək gücündə olmayan tərəflər isə münaqişənin tənzimlənmə prosesində artıq mövqelərini dəyişməyə məcburdurlar.

Aprel döyüşlərində qazanılan qələbə Qarabağ müharibəsində Azərbaycan Ordusunun zəfər tarixinin başlanğıcını qoydu. 23 ildən sonra 4 günlük bir tarix Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində dönüş nöqtəsi oldu. Yad torpaqda döyüşən erməni əsgəri qaçmağa məcbur oldu. Ermənilərin 23 il ərzində qurmağa, yaratmağa çalışdıqları, əslində yalanlardan ibarət mif bütün dünyanın gözü qarşısında 4 gündə dağıldı. Xalqımızın böyük ruh yüksəkliyi, vətənpərvərliyi, döyüş ruhu o günlərdə erməniləri çaş-baş saldı. Azərbaycan Ordusu Ermənistan qarışıq bütün dünyaya anlatdı ki, siz istəsəniz də, istəməsiniz də işğal altında olan torpaqlar ermənilərdən geri alınacaq. Münaqişə ilə bağlı uzun zamandır aparılan danışıqlar prosesində tərəfləri güzəştə dəvət edən beynəlxalq qüvvələrin həmin günlərdə etdiyi gedişlər də deyilənləri bir daha təsdiqləyir.

Ötən ilin aprelində torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü, müstəqilliyi uğrunda düşmən qarşısında canlarını sipər edərək qəhrəmanlıqla şəhid olmuş Azərbaycan əsgərləri xalqımızın qan yaddaşında əbədi yaşayacaq. Üçrəngli müqəddəs bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması üçün canından keçərək şəhid olmuş igid oğullarımız hər zaman ehtiramla anılacaq - tarix yazan Azərbaycan qəhrəmanları olaraq...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti