...

Qətər Əmiri: "Azərbaycan və Qətərdə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq"

Siyasət Materials 8 Mart 2016 13:45 (UTC +04:00)
"Azərbaycan və Qətərdə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq".
Qətər Əmiri: "Azərbaycan və Qətərdə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq"

Bakı. Trend:

"Azərbaycan və Qətərdə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq". Bunu Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə deyib.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani çıxış edərək deyib: "Zati-aliləri, qardaşım cənab Prezident İlham Heydər oğlu Əliyev, bu dəvətə görə çox sağ olun. Azərbaycanda, bu gözəl ölkədə olmaq mənim üçün böyük şərəfdir. Sizi, nazirlərinizi və Azərbaycan xalqını bu ölkədə göstərdiyiniz səylərə görə təbrik etmək istəyirəm. Maşallah, hər dəfə buraya səfər etdikdə böyük dəyişiklikləri müşahidə edirik. Nümayəndə heyətimizin adından Azərbaycanda bizi yüksək səviyyədə qarşıladığınız üçün Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Zati-aliləri, Bakıda, Azərbaycanda olduqda özümüzü həmişə öz evimizdəki kimi hiss edirik.

Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, bizim siyasi münasibətlərimiz çox güclüdür, iki ölkə arasında yüksək səviyyədə anlaşma var. Biz beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və bir çox digər qurumlarda əməkdaşlıq edirik. Aramızda olan anlaşma və inamın, Allaha şükürlər olsun, bu səviyyəyə çatması vacibdir. Biz münasibətlərimizi, Zati-aliləri, Sizin də qeyd etdiyiniz kimi, xüsusilə iqtisadiyyat və ticarət sahəsində daha da genişləndirməliyik".

Qətər Əmiri bu razılaşmalardan sonra işlərin daha da sürətlə irəliləyəcəyinə ümid etdiklərini bildirib: "Öz tərəfimizdən biz bu münasibətlərə çox sadiqik. Zati-aliləri, bu münasibətləri daha da gücləndirmək üçün tərəfimizdən bütün səylərin göstərilməsini təmin edəcəyəm. Sizin də qeyd etdiyiniz kimi, turizm sahəsi də hər iki ölkə üçün vacibdir. Daha çox Qətər vətəndaşlarının Sizin gözəl ölkənizə gəlməsi bizi məmnun edir və ümidvarıq ki, eyni halı Qətərdə də müşahidə edəcəyik. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq etməliyik. Mədəniyyət sahəsındə bir çox ortaq dəyərlərimiz var. Zati-aliləri, beləliklə, xalqlarımızın bir-birini daha yaxından anlaması vacibdir.

Siz energetika sektorunu qeyd etdiniz. Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq, bu məsələnin üzərində işləməliyik. Bu dəvətə görə Sizə "Çox sağ olun" demək istəyirəm. Zati-aliləri, burada olmaqdan çox şadam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti