Bakı. Trend:
Prezident İlham Əliyev Türkiyədə baş vermiş hadisədən ciddi narahat olub və dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyib.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib: "Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirib".
Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib:
"Azərbaycanın dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib. Cənab İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib və bütün yaralılara şəfa arzulayıb".