...

Araz Əzimov: Münaqişələr region çərçivəsindən çıxır

Siyasət Materials 6 May 2017 10:38 (UTC +04:00)
Beynəlxalq qurumlar münaqişələrin həllinə töhfəsini verməklə məsələyə beynəlmiləl yanaşma gətirməlidir.
Araz Əzimov: Münaqişələr region çərçivəsindən çıxır

Bakı. Elçin Mehdiyev -Trend:

Beynəlxalq qurumlar münaqişələrin həllinə töhfəsini verməklə məsələyə beynəlmiləl yanaşma gətirməlidir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

A.Əzimov bildirib ki, münaqişə artıq iki ölkənin məsələsi deyil: “Burada artıq məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək, əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq olar. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməldir, beynəlxalq qurumlar bu cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti