...

BƏƏ-də Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 8 May 2017 11:24 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
BƏƏ-də Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə mayın 7-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistanın BƏƏ-dəki diplomatlarının da qatıldığı tədbirin açılışında çıxış edən səfir Daşqın Şikarov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixinin XX-XXI əsrlərdəki müstəsna əhəmiyyətindən bəhs edərək, Ulu Öndərin SSRİ və post SSRİ dönəmlərindəki Azərbaycan üçün gördüyü mühüm işlərdən söz açıb. O vurğulayıb ki, məhz dahi şəxsiyyətin ardıcıl müdrik siyasəti hesabına Azərbaycan istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində dinamik inkişafa imza atıb, geniş iqtisadi və sosial intibah dövrünə qədəm qoyub.

Səfir Heydər Əliyevin fitri və zehni istedadı, eləcə də təhsildə mükəmməl nəticələri sayəsində Azərbaycan SSR-ə rəhbərlik etdiyini, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində və SSRİ Nazirlər Sovetində yüksək postlar tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, məhz Ulu Öndərin qətiyyəti nəticəsində ermənilərin Dağlıq Qarabağı ilhaq etməsi üzrə planların puç olduğunu bildirib.

Sonra D.Şikarov müstəqilliyimizin ilk illərinə nəzər salaraq, 1992-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən acınacaqlı ictimai-siyasi, iqtisadi və hərbi vəziyyət haqqında qonaqları ətraflı məlumatlandırıb. O deyib ki, dahi şəxsiyyətin məhz xalqımızın təkidi ilə 1993-cü il 15 iyun tarixində hakimiyyətə qayıdışı ölkəni fiziki məhvindən qurtarıb, demokratik dəyərlərin bərqərar olmasına səbəb olub və bəhrələrinin bu gün də gördüyümüz hərtərəfli inkişaf yolunun, enerji strategiyasının təməlini qoyub.

Səfir bildirib ki, həqiqi Ali Baş Komandan keyfiyyətlərini də özündə ehtiva edən məhz Heydər Əliyev pərakəndə olan milli ordunun vahid mərkəzdə cəmləşdirməyi bacarıb və ölkəmizin Avro-Atlantik məkana inteqrasiya kursunun, o cümlədən Qərblə əlaqələrin, İslam və ərəb dünyası ilə isə tarixi əlaqələrin milli maraqlarımız prizmasından yenidən təşkilinin memarıdır.

Sonra nitq söyləyən Baş Konsul Pərviz İsmayılzadə ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolundan geniş danışarkən bu yolun SSRİ təhlükəsizlik və siyasi sistemlərdəki keşməkeşli olduğuna diqqət çəkib, ermənilərin Kremldəki havadarlarının dəstəyi ilə Ümummilli Liderə qarşı məkrli planlarına toxunub. O, dahi liderin cızdığı siyasi və iqtisadi strategiyadan söhbət açaraq bildirib ki, Heydər Əliyev bu gün də öz aktuallığını qoruyub saxlayan ölkəmizin uğurlu beynəlxalq və regional siyasətin müəllifidir. Bu siyasət ölkəmizin qlobal səviyyədə həm siyasi, həm də iqtisadi önəmini artırıb.

Daha sonra baş konsul P.İsmayılzadə ulu öndər Heydər Əliyevin xalqın təkrarlı çağırışları ilə tarixi qayıdışından əvvəlki və sonrakı dövrlər arasında paralellər aparıb, Ümummilli Liderin dahiliyini təsdiqləyən məqamları qabardıb.

Çıxışların ardınca qonaqlar Heydər Əliyev haqqında sənədli filmi və 4-cü İslam Həmrəyliyi Oyunları haqqında video çarxı izləyib, eləcə də bu Oyunlara həsr edilən foto stendlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti