...

Həbs olunan sabiq nazirlərin mənimsədiyi pullar, dövlət vəsaitləri aşkar edilib

Siyasət Materials 21 Oktyabr 2005 18:03 (UTC +04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3, 308.2, 28.220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.

Trend xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Respublika Prokurorlğunun birgə bəyanatında məlumat verilir. Bildirilib ki, aparılmış axtarışlar nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50 min 500 ABŞ dolları, 6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, "Qızıl Şərq" hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı aşkar edilərək götürülüb. Onun qardaşı Rafiq Əliyevə məxsus "Azpetrol" şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkarlanaraq götürülüb. Axtarış aparılan ünvanlarda həmçinin külli miqdarda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunıb. Fərhad Əliyevə faktiki məxsus olan çoxlu kommersiya obyektlərində korrupsiya və digər qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir.

Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində sabiq səhiyyə naziri Əli İnsanovun da cinayət hərəkətlərinin iştirakçısı olduğu müəyyənləşib. 2005-ci il 16 oktyabr tarixdə Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı 100 min avro ilə bərabər aşkar edilmiş 60 min ABŞ dollarının 50 mini məhz Əli İnsanov tərəfindən verilən pul olub. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Əli İnsanovun rəhbərlik etdiyi Səhiyyə Nazirliyi sistemində tamah və ya sair şəxsi maraqlar üzündən vəzifədən sui-istifadə edilməsi, dövlət əmlakının mənimsənilməsi və israf olunması, lisenziyaların verilməsi zamanı külli miqdarda rüşvət alınması hallarını təsdiqləyən faktlar müəyyən edilib. Bu əməllərin törədilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin rəisi Akif Məhərrəmov da tutulub.

İstintaqın gedişatında aparılan axtarışlar zamanı Əli İnsanovun Cəfər Xəndan küçəsi 50 nömrəli ünvanda yerləşən şəxsi evindən, habelə bağ evlərindən 1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kiloqram müxtəlif qızıl-brilyant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar tapılıb. Akif Məhərrəmovun mənzilindən isə 1 milyon 217 min ABŞ dolları, xidməti iş otağından 8 min 900 ABŞ dolları aşkar edilərək götülüb. Törədilmiş cinayət əməllərinin bütün xüsusatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti