...

Leo Platvoet: "AŞ PA-nın monitorinq missiyası Bakıda seçkilərdən sonrakı vəziyyəti təhlil edəcək"

Siyasət Materials 2 Dekabr 2005 11:02 (UTC +04:00)
Leo Platvoet: "AŞ PA-nın monitorinq missiyası Bakıda seçkilərdən sonrakı vəziyyəti təhlil edəcək"

"Avropa Şurası Parlament Assambleyasının monitorinq missiyasının Bakıya səfərində məqsəd Azərbaycanda 6 noyabr seçkilərindən sonrakı vəziyyətin, həmçinin, deputatlığa namizədlərin şikayətlərinə baxılması prosesinin təhlilini aparmaqdır". Trend in xəbər verdiyi kimi, bu barədə AŞ PA-nın monitorinq missiyasının üzvü, hollandiyalı parlamentari Leo Platvoet Heydər Əliyev adına hava limanında bəyan edib.

"Azərbaycan prezidenti İlham Əliyev artıq bu məsələ ilə bağlı mövqeyini bildirib. Respublikanın Seçki Məcəlləsini pozmuş bir sıra vəzifəli şəxslər isə cəzalandırılıb", - deyə o qeyd edib.

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Anderas Qross isə bildirib ki, səfər çərçivəsində ölkənin siyasi paartiya rəhbərləri, o cümlədən "Azadlıq" və "YeS" blokunun liderləri, MSK sədri Məzahir Pənahov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Azərbaycan prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

"Prezidentin İcra Aparatında görüşlər zamanı biz müxalifətin 26 noyabr mitinqinin iştirakçılarına qarşı zorakılığın tətbiq edilməsi ilə bağlı məsələni aydınlaşdıracağıq", - deyə A.Qross qeyd edib. O, həmçinin, vurğulayıb ki, Seçki Məcəlləsini pozmuş şəxslərin cəzalandırılması müsbət amil olsa da, monitorinq missiyasının yekun rəyi səfər başa çatdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, missiyanın tərkibinə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel də daxildir. Səfərin yekunlarına dair hazırlanacaq məruzələr dekabrın 15-də Parisdə keçiriləcək AŞ PA-nın monitorinq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti