...

Sabina Freyzer hesab edir ki, Ermənistan artıq işğal edilmiş ərazilər azad edilənədək Dağlıq Qarabağın statusunun müəyyən edilməsi tələbindən geri çəkilib

Siyasət Materials 21 Dekabr 2005 14:51 (UTC +04:00)
Sabina Freyzer hesab edir ki, Ermənistan  artıq  işğal edilmiş ərazilər azad edilənədək Dağlıq Qarabağın statusunun müəyyən edilməsi tələbindən geri çəkilib

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair sülh sazişindən uzaq deyil, amma tərəflər kompromisin saxlanılması məqsədilə bir qədər ciddi addımlar atmalıdır. Bu barədə Trend ə eksklüziv olaraq Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz üzrə layihə direktoru Sabina Freyzer ATƏT-in Minsk qrupu (MQ) həmsədrlərinin Cənubi Qafqaz regionuna səfərinin yekunlarını şərh edərkən bəyan edib.

"2006-cı ildə aydın olacaq ki, tərəflər buna nail ola bilir, ya yox"-deyə S. Freyzer qeyd edib və bildirib ki, əks halda, münaqişənin sülh yolu ilə həlli üçün son şans itiriləcək.

Onun sözlərinə görə, ATƏT-in MQ həmsədrlərinin regiona axırıncı səfəri əyani surətdə göstərdi ki, danışıqlar prosesinin yüksək tempi saxlanılır. MQ həmsədrləri səfər çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının yanvarda keçiriləcək görüşünə hazırlıqla bağlı müfəssəl iş aparıb. Ümid etmək olar ki, prezidentlərin görüşü Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşündən sonra keçiriləcək. "Nəzərə alsaq ki, dövlət başçıları 2005-ci ilin avqustundan etibarən görüşməyib, onda qarşıdakı görüş danışıqlar prosesinə real təkan verə bilər"-deyə BQQ-nin layihə direktoru qeyd edib.

Eyni zamanda Sabina Freyzer həmsədrlərin 2006-cı ilin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında "mühüm pəncərə" olacağı və tərəflərin əlverişli imkanı əldən buraxmaması barədə fikirləri ilə razılaşdığını bildirib. "2007 - 2008-ci illərdə regionda seçkilərin keçiriləcəyi faktı nəzərə alınarsa, çətin ki, siyasi elitalar mürəkkəb kompromislərə getmək istəsin"-deyə S. Freyzer bildirib və qeyd edib ki, Praqa prosesi başladıqdan sonra tərəflər çox uzun yol qət edib. Onun sözlərinə görə, Ermənistan artıq işğal edilmiş ərazilər azad edilənədək Dağlıq Qarabağın statusunun müəyyən edilməsi tələbindən geri çəkilib. Hər iki tərəf razılaşır ki, işğal edilmiş ərazilərdən silahlı qüvvələr çıxarıldıqdan, təhlükəsizliyə zəmanət verildikdən və müvəqqəti məskunlaşmış insanlar öz doğma yurdlarına qayıtdıqdan sonra sülh prosesinin başlanması reallaşacaq.

Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan münaqişəsinin həllində roluna toxunan BQQ nümayəndəsi deyib ki, Brüssel problemin nizama salınmasında birbaşa rol oynamır. "AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Heyki Talvitie danışıqlar prosesinin gedişi barədə daim məlumatlandırılır. Amma o, danışıqlar prosesində şəxsən iştirak etmir"-deyə S. Freyzer qeyd edib. Lakin onun sözlərinə görə, AB Dağlıq Qarabağ probleminin həllinə dair fəaliyyət planına hər hansı əlavələr etməklə iştirak edə bilər və bu barədə hazırda İrəvan və Bakı ilə danışıqlar aparılır.

"Yəqin ki, sülh sazişi imzalandıqdan sonra sülh prosesinə dəstək məqsədilə Avropa Birliyinə müraciət ünvanlana bilər"-deyə BQQ nümayəndəsi qeyd edib. S. Freyzer bu ilin dekabrın 13-də AB-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Xavyer Solananın Brüsseldə səsləndirdiyi "Əgər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün Avropa Birliyindən dəstək istəsələr, onda Brüssel bu dəstəyi göstərə bilər" bəyanatını xatırladıb.

Onun sözlərinə görə, eyni zamanda AB münaqişə tərəflərinə ən azı humanitar yardım, infrastrukturun reabilitasiyası və yenidən qurulması, habelə iqtisadi inkişaf kimi sahələrdə dəstək göstərə bilər. Bununla belə, AB regionda əsaslı hərbi-mülki əməliyyatların aparılması, həmçinin polis və sülhməramlı qüvvələrin əraziyə göndərilməsi, təşəbbüsü ilə çıxış edə bilər.

"Əgər AB danışıqlar prosesində konkret irəliləyiş görsə, onda yerlərdə real vəziyyəti öyrənmək məqsədi ilə regiona qiymətləndirmə missiyası göndərməlidir"-deyə Sabina Freyzer qeyd edib. O, təəssüflə bildirib ki, digər regionlarda münaqişə vəziyyətlərinin həlli ilə məşğul olan AB-nin hazırda imkanları məhduddur.

Xəbər lenti

Xəbər lenti