...

Dövlət Aqrar Universiteti qəbulda dövlət sifarişini 25% artırıb

Cəmiyyət Materials 25 İyul 2016 18:06 (UTC +04:00)
Azərbaycan Dövlət Aqrar Universiteti 2016/2017-ci tədris ilində 1370 yer müsabiqəyə çıxarıb.
Dövlət Aqrar Universiteti qəbulda dövlət sifarişini 25% artırıb

Bakı. Trend:

Azərbaycan Dövlət Aqrar Universiteti 2016/2017-ci tədris ilində 1370 yer müsabiqəyə çıxarıb. Bunlardan 1265 yer Azərbaycan bölməsinin (əyani təhsil üzrə 1130, qiyabi təhsil üzrə 135 yer), 105 yer isə rus bölməsinin payına düşür. Bu, 2015/2016-cı tədris ili ilə müqayisədə 95 yer (8,2%) çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti tədris ili üçün kənd təsərrüfatı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulu 600 nəfər (Azərbaycan bölməsində əyani təhsil üzrə 465, qiyabi təhsil üzrə 75, rus bölməsində əyani təhsil üzrə 60 nəfər) (ümumi plan yerlərinin 47,4%-i) proqnozlaşdırılır. Bu göstərici 2015/2016-cı tədris ili ilə müqayisədə 120 yer (25%) çoxdur.

2016/2017-ci tədris ilində “Elektrik mühəndisliyi”, “Maliyyə” ixtisaslarına qəbul yenidən aparılacaq. Bununla yanaşı, qəbul planına ilk dəfə “İqtisadiyyat” (tədrisi ingilis dilində), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları daxil edilib.

“İqtisadiyyat” (tədrisi ingilis dilində) və “Menecment” (alman proqramı) ixtisasları üzrə tədris xarici dillərdə aparılır. “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “İstehlak mallarının ekspertizası və marketinqi”, “Aqronomluq”, “Baytarlıq”, “Aqromühəndislik” və “Əczaçılıq” ixtisaslarına rus bölməsi üzrə də qəbul aparılır.

“Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Baytarlıq”, “Subioehtiyatları və akvabitkilər”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Ekologiya” və “Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində hər biri 500 nəfərlik yataq yeri olan iki yataqxana korpusu nəzərdə tutulub. Yataqxana korpuslarından biri istifadəyə verilib, digərinin də yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır. Bunlarla yanaşı, universitetin müasir laboratoriya və tədris otaqları, müxtəlif ölkələrin aqrar ixtisaslı universitetlərinin kitabxanalarına çıxışı olan elektron kitabxanası var. Müasir kənd təsərrüfatı texnikası və avadanlıqları ilə təchiz olunması tədris prosesinin yüksək keyfiyyətini təmin edir.

Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr dünyanın bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirə bilirlər. Məsələn, keçən tədris ilində universitetin 100-ə yaxın tələbəsi müxtəlif əməkdaşlıq proqramları nəticəsində dünyanın bir sıra universitetlərində qısa və uzunmüddətli təcrübə mübadiləsi keçib. Hazırda ADAU Almaniyanın DEULA/Nienburg (xaricdə kənd təsərrüfatı müəssisələrində təcrübə keçmənin təşkili və həyata keçirməsi), LOGO (Şərqi Avropa ilə Kənd Təsərrüfatı və Ekoloji Müvazinət Təşkilatı), ConFlu Tech (Borstel Tədqiqat Mərkəzi), Norveçin "Kənd təsərrüfatı və əlaqədar elmlər üzrə Azərbaycan və Norveç arasında akademik əməkdaşlıqların müəyyən edilməsi və inkişafı", Yunanıstanın "Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi" layihələrinin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti