...

Binəqədidə binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya olub? (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Noyabr 2016 13:59 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Binəqədidə binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya olub? (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, binaların üzlənməsinin yüksək səviyyədə keyfiyyətli aparıldığı təsdiqlənib. Vəkil qeyd edib ki, işlərin görülməsi barədə olan aktlar istintaq zamanı ortaya çıxmayıb: "Ona görə də həmin sənədlərin cinayət işinə əlavə edilsin və sübutların tədqiqi nərhələsində araşdırılsın".

Hakim deyib ki, aktlar cinayət işinə əlavə edilir və həmin aktlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Sonra cinayət işində olan sənədlərin tədqiqi mərhələsi başlayıb. İlk olaraq hadisə yerinə olan baxış barədə sənəd elan olunub. Baş prokurorun müavini Rüstəm Usubov, Bakı şəhər proluroru Əziz Seyidov, prokurorluğun əməkdaşları və ekspertlər hadisə yerinə baxışda iştirak ediblər. Baxış zamanı tərtib olunan aktda binada baş verən yanğının səbəbləri qeyd olunub. Hakim həmçinin, cinayət işində olan binanın təmiri, sahəsi barədə olan sənədləri, mənzinlərin yanması, dəymiş ziyanla bağlı tərtib olunan aktları elan edib. İşdə olan sənədlərdə məlum olub ki, binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya tapılmayıb.

Hakim təhlükəsizlik şəhər kamerasından götürülən video çəkilişlə bağlı sənədi elan edib. Vəkil İ.Həsənova həmin çəkilişə baxılmasını təklif edib. Sonra prosesdə “Qlobal Stone” MMC-nin binasına baxış keçirilməsi barədə sənəd elan edilib. M.Mahmudov həmin sənədə etiraz edib. Bildirib ki, həmin binanın “Qlobal Stone” MMC-yə adiyyatı yoxdur. Onun sözlərinə görə, bina Mənzil İstismar Sahəsinə aiddir.

Günün ikinci yarısında təqsirləndirilən M.Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsinin ziddiyyət təşkil etdiyini bildirib. Qeyd edib ki, M.Mahmudovun istintaqa verilən ifadəsi sübutlar siyahısından çıxarılmalıdır.

Hakim vəsatəti baxılmamış saxlayıb.

Proses noyabrın 24-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti