...

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Dünya xəbərləri Materials 7 May 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Güclü külək və leysan yağışları Gürcüstanın bir çox ərazilərində, eləcə də paytaxt Tbilisidə ciddi problemlər yaradıb.

Trend xəbər verir ki, paytaxt Tbilisinin Qldani rayonunda külək ağacları aşırıb. Avtomobillərə və evlərə ciddi ziyan dəyib.

Tbilisi meriyasının yaydığı məlumatda deyilir ki, paytaxt ərazisindən keçən Qldanula çayı məcrasından çıxıb və nəticədə Qldani rayonunda evlərin birinci mərtəbələrini, ictimai-iaşə obyektlərini, həyətyanı sahələri su basıb. Yol infrastrukturuna da ciddi ziyan dəyib.

Yağışların törətdiyi fəsadlar bununla bitməyib. Gürcüstanın qərbində bəzi ərazilərdə də çaylar məcrasından çıxıb, əraziləri sel suları basıb.

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil magistralının Qudauri-Kobi hissəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, avtomagitralın həmin hissəsində güclü torpaq sürüşməsi ehtimalı var.

Hazırda yolda Azərbaycan, Ukrayna, Ermənistan, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrə məxsus çoxlu sayda yük və minik avtomobili var.

Avtomobillərin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, mayın 7-də gecə ərzində Tbilisiyə güclü yağış yağıb.

Xəbər lenti

Xəbər lenti