...

Bakı Musiqi Akademiyasında “Azərbaycan cazı: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirildi (FOTO)

Mədəniyyət Materials 7 May 2024 16:46 (UTC +04:00)
Bakı Musiqi Akademiyasında “Azərbaycan cazı: tarix və  müasirlik” mövzusunda dəyirmi masa keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin, eləcə də, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Caz Günü tədbirlər silsiləsi çərçivəsində “Azərbaycan cazı: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilib.

Trend xəbər verir ki, tədbirdə bir sıra tanınmış musiqişünas və tədqiqatçılar, ifaçılar, müəllim-tələbə heyəti iştirak edib.

İlk məruzə ilə tədbiri açan musiqişünas, tədqiqatçı, Dövlət Marionet Teatrının aktrisası Fərizə Babayeva “Caz musiqisi notlarının bəzi nəşrlərinə dair” mövzusunda maraqlı mülahizələri ilə çıxış edib. İştirakçıların nəzərinə “Azərbaycanda caz standartlarının notlaşdırılması işi lazımdırmı?” məsələsini formalaşdırıb, iştirakçılarla bir sıra faktları və Azərbaycan caz musiqiçilərinin əsərlərinin not yazılarının olmaması səbəbindən yaranan çətinlikləri sadalayıb. BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva caz musiqisində “parafraz”, “transkripsiya”, “aranjiman”, “interpretasiya” kimi anlayışların fərqi barədə öz məruzəsi ilə bölüşüb.

BMA-nın dosenti, Turan Məmmədəliyeva öz məruzəsini əfsanəvi “Qaya” kvarteti və onun üzvü Rauf Babayevin fəaliyyətində heyətin yaratdığı ənənələrin davamı mövzusuna həsr edib. Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysteri, musiqişünas və pianoçu Arif Ağayevin çıxışında “Muğamın incəlikləri” mövzusuna dair maraqlı qeyd və fikirlər səslənib. Niderlandda fəaliyyət göstərən azərbaycanlı musiqişünas Natəvan Hüseynovanın çıxışında “Azərbaycanda caz-muğam təzahürünün yaranması” barədə tarixi faktlara əsaslanan maraqlı prezentasiya baş tutub.

Tədbirin gedişatı məruzələr ilə musiqi çıxışlarının növbələşməsi prinsipi üzrə istiqamətlənirdi. Bakı Musiqi Akademiyasının tələbələri Cəmalə Abdinzadə, Fatimə Vəliyevanın çıxışında akademik üslubda caz əsərlərinin ifası, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi Nurlan Hüseynzadənin solo ifasında caz standartı, Dövlət “Qaya” Ansamblının a kapella ifasında kompozisiyalar səsləndi. Tədbirin xüsusi qonağı, Azərbaycan caz musiqisinin veteranlarından biri, keçmiş “Bakı alovları” və “Qız qalası” heyətlərinin bədii rəhbəri, pianoçu Vitaliy Volkov öz virtuoz və lirik ifası ilə parlaq təəssürat bağışlayıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti