...

Almatı görüşü iki ölkənin sülh prosesində irəliyə addım atmasına imkan verəcək - ŞƏRH

Siyasət Materials 7 May 2024 16:06 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüşdə sülh sazişinin mətninin və sənəddəki ayrı-ayrı bəndlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Hesab edirəm ki, bu görüş iki ölkə arasında sülh prosesində irəliyə addım atmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonra əldə olunan nəticələr onu göstərir ki, iki ölkə arasında müzakirələrin birbaşa aparılması, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması daha realdır və sülh prosesinin daha səmərəli aparılmasını göstərir.

“Artıq Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Sülhün baza prinsipləri əsasında əldə olunması daha real görünür. Bu, bir daha onu göstərir ki, vasitəçilər olmadan aparılan danışıqlar daha real və effektlidir. Çünki 30 illik təcrübə ərzində vasitəçilərin real işini görmədik, əksinə, münaqişənin həll olunmaması kimi ictimai rəy yaranmışdı və danışıqlar dalana dirənmişdi, lakin son proseslər göstərir ki, birbaşa danışıqlar daha real nəticələr verə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın da Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin noyabr ayına qədər imzalana bilməsi ilə bağlı verdiyi açıqlama da birbaşa aparılan danışıqların daha səmərəli olduğunu göstərir”, - deyə deputat əlavə edib.

Politoloq İlyas Hüseynov isə Trend-in suallarını cavablayarkən bildirib ki, Qazaxıstanda Azərbaycan və Ermənistan Xaricişlər Nazirlərinin görüşü Cənubi Qafqazda sülhün, təhlükəsliyin və sabitliyin əldə olunması istiqamətində mühüm təşəbbüsdür.

O qeyd edib ki, Qazaxıstan çox arzulayır ki, Cənubi Qafqazda sabitlik olsun və nəqliyyat, eləcə də, enerji daşınmasında imkanlar daha da dərinləşsin, Orta dəhliz, Zəngəzur dəhlizi kimi layihələr daha da dayanıqlı olsun və bölgənin rifahı naminə ciddi irəliləyişlər olsun.

“Məhz bu səbəbdən Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev bu mühüm təklifi irəli sürdü və artıq mayın 10-da görüş keçiriləcək. Eyni zamanda, görüşün əsas siyasi gündəliyində duran məsələ sərhəd təhlükəsizliyi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də, sülh müqaviləsinin mətni müzakirə olunacaq və mühüm məsələ bundan ibarətdir ki, vasitəçilər olmadan tərəflər görüşür. Bu baxımdan, görüşün nəticələrinə də ümid etmək olar.

Ermənistan və Qazaxıstanın münasibətlərinə də nəzər salanda deyə bilərik ki, həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu dövlətlər eyni sırada yer alırlar.

Qazaxıstan hər zaman Azərbaycanın haqq işini, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Buna görə də Almatı görüşünün nəticələri ilə yanaşı, onun nəticələrinin üzərindən xətt çəkmək istəyən qüvvələri də biz düşünməliyik. Çünki şübhəsiz ki, Cənubi Qafqaz uğrunda vasitəçilərin bir savaşı gedir, bu qlobal savaşın da bir tərkib hissəsidir. Eyni zamanda, bu nəticələrin dayanıqlı olmasına, onun daha da dərinləşməsinə nail olmaq lazımdır”, – deyə İ.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti