...

"Kiçik və Orta Həcmli Müəssisələr üçün Əqli Mülkiyyət Hüquqları” mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 1 Mart 2017 16:00 (UTC +04:00)
“Kiçik və Orta Həcmli Müəssisələr üçün Əqli Mülkiyyət Hüquqları” mövzusunda seminar keçirilib.
"Kiçik və Orta Həcmli Müəssisələr üçün Əqli Mülkiyyət Hüquqları” mövzusunda seminar keçirilib

Bakı. Trend:

Fevralın 27-28-də ABŞ Ticarət Departamenti Kommersiya Haqqında Qanun İnkişaf Proqramı (CLDP), ABŞ-ın Bakıdakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Müəllif Hüquqları Agentlliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə “Kiçik və Orta Həcmli Müəssisələr üçün Əqli Mülkiyyət Hüquqları” mövzusunda seminar keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, ABŞ-ın Bakıdakı s əfirinin müavini Uilyam Gil, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov və CLDP-in beynəlxalq vəkil -müşaviri Arezo Yəzd tədbirdə açılış nitqləri söyləyib və tədbirin məqsədləri barədə məlumat veriblər.

K.İmanov giriş nitqində qeyd edib ki, ABŞ-ın Ticarət Departamenti tərəfindən təşkil edilən, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən və Commersial Law Development Program (CLDP) çərçivəsində keçirilən bugünkü tədbirin məqsəd və məramı ABŞ-Azərbaycan münasibətlərinin müsbət dinamikasının təzahürüdür, ABŞ dövlətinin Azərbaycanın iqtisadi inkişafına olan dəstəyidir. O, seminarın əhəmiyyətini və aktuallığını azı 3 amillə bağlayıb: Birincisi, Azərbaycanın yeni iqtisadi modeli ilə bağlı islahatlar dövrü, ikincisi, kiçik və orta sahibkarlığın innovasiyalı iqtisadi artımda olan fəallığı və üçüncüsü, əqli mülkiyyətin müasir dünyada dəyişmiş roluna əsaslanan iqtisadi inkişafa dəstəyi ilə. Daha sonra o, Azərbaycanın iqtisadi modelinin nəticələri barədə danışaraq qeyd edib ki, Azərbaycanda 2004–2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmiş, ÜDM-in nominal həcmi 7,6 dəfə artıb. Bu dövr ərzində adambaşına düşən ÜDM-in həcmində 6,5 dəfə artım olub ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəldib, əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşıb, yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib.

K.İmanov daha sonra göstərib ki, Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə də müşayiət olunub. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilib, “Doing Business 2017” hesabatında isə Azərbaycan dünyanın 3 və daha çox islahatlar aparan 29 ölkəsinin biri kimi qəbul edilib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb. Rəqabətqabiliyyətlilik üzrə 37-ci yer, dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, “bu MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir”.

Ölkə başçısının təşəbbüsü ilə neqativ tendensiyaları qabaqlamaq məqsədi ilə iqtisadi islahatlar həyata keçirilir, dövlət başçısının neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən fərman və sərəncamları əsaslı dönüş yaratmaqdadır. Azərbaycan innovativ inkişafa qədəm qoyur.

Daha sonra o, kiçik və orta sahibkarlığın (KOS) bu islahatlarda öz yerini necə görməsi, hansı addımlar atması məsələlərinə toxunaraq, qeyd etdi ki, 2016-cı ilin 1 yanvarına ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin 12%-i kiçik müəssisələrdir. Lakin onların ÜDM-dəki payı yalnız 4%, məşğulluqda 6,3%, məhsul (xidmət) istehsalında isə 9,6%-dir. Özü də bunlar əsasən ticarət, tikinti, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstəriblər.

Bu o deməkdir ki, ölkədə 99% çox təşkil edən fərdi sahibkarların və kiçik müəssisələrin ÜDM-dəki payı və məhsuldarlığı çox kiçikdir, məşğulluqdakı payı azdır və müasir innovasiyalı istiqamətlərdə fəaliyyəti zəifdir. Odur ki, Azərbaycan iqtisadiyyatında – ÜDM-də, məşğulluqda və ölkəyə xarici valyuta axınında KOS-un payı dəfələrlə artırıla bilər.

Bu artımın potensial imkanları dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanında KOS-ların «Strateji Yol Xəritəsində» göstərilib. Burada strateji hədəflər sırasında «İnnovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi» göstərilir. Burada:
birinci prioritet – mili innovasiya sisteminin təkmilləşdirilməsidir və
ikinci prioritet – KOS-ın fəaliyyətini formalaşdıran innovasiya infrastrukturunun formalaşdırılmasıdır.

Bununla bağlı qeyd etmək lazımdır ki, 2020-ci ildə KOS-ın ÜDM-dəki payı 15%, məşğulluğun payı 20%, 2025-ci ildə isə müvafiq olaraq, 35% və 40% nəzərdə tutulur.

Daha sonra o, diqqəti əqli mülkiyyət sahəsində beynəlxalq təcrübəyə yönəldərək, vurğulayıb ki, təcrübə göstərir ki, texniki-texnoloji yeniliklərin əsas təşkilatçıları və istifadəçiləri KOS sektoru müəssisələridir və onların innovasiya aktivliyinin sübutu ondadır ki, burada çalışanlara adambaşına düşən yeniliklərin sayı iri təşkilatların müvafiq göstəricisini 4 dəfə üstələyir, üstəlik bu yeniliklərin sayı onlara xərclənən elmi-tədqiqat işlərinin hər 1 dollara KOS sektorunda 24 dəfə iri müəssisələrin müvafiq göstəricisindən artıqdır.

Bəs KOS özü nə etməli, innovasiyalı inkişafda, kreativ iqtisadiyyatda daha geniş təmsil olunmaq üçün hansı siyasəti yürütməlidir? İlk növbədə üzünü ƏM-ə tutmalıdır, ƏM imkanlarını dərk edərək, fəaliyyətində istifadə etməlidir. Qeyd etməliyəm ki, 20-25 il öncə kölgədə olan ƏM fenomeni hazırda sürətlə əhəmiyyətli dərəcədə inkişaf etmiş və ƏM-in dünyada bugünkü fəaliyyət konteksti onun yarandığı vaxtdan prinsipial olaraq fərqlənir, həm iqtisadiyyatda, həm cəmiyyətdə və bu eyni dərəcədə ƏM-ə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.

Təhlillər göstərir ki, son onilliklər ərzində sərvətlərin yaranma mərkəzi maddi aktivlərdən və ya fiziki kapitaldan qeyri-maddi aktivlərə, intellektual kapital tərəfə dəyişilir. Belə ki, ötən əsrin 80-ci illərində 5% payı olan qeyri-maddi aktivlər (əsasən ƏM ilə qorunan aktivlər) hal-hazırda “S&500” fond indeksinə daxil olan korporasiyalarda bu rəqəm 80%-ə qədər yüksəlib. Bunlar mikroiqtisadi mühüm dəyişikliklərdir və ƏM-in İnternetə miqrasiyası bu prosesləri sürətləndirir. Makroiqtisadi səviyyədə dəyişikliklər isə ona gətirib ki, əqli mülkiyyət nöqteyi-nəzərindən tutumlu sahələr inkişaf etmiş ölkələrdəki ÜDM-in 30% və ondan artıq rola malikdirlər. Üstəlik, 1995-ci ildən 2011-ci ilədək dünyada qeydiyyata alınmış əqli mülkiyyət obyektlərinin sifarişlərinin sayı 2,5 dəfədən çox artmış və ƏMH-a artan bu tələb ƏM-də təsbit olunmuş dəyərin dərkini əks edir. Bunları 2017-ci ilin fevral ayında açıqlanan ABŞ-ın “U.S.Chamber International IP Index” “The Roots of Innovation” Hesabatı təsdiqləyərək, ƏM-in iqtisadiyyata müsbət təsirini göstərir.

Buradan aydın olur ki, bir çox inkişaf etmiş ölkələr fiziki kapitala yox, biliklərə əsaslanan kapitala investisiyalarını yönəldir. Bu isə öz növbəsində rəqabət mübarizəsinin fokusunu dəyişdirir və rəqabət artan dərəcədə biliklərə əsaslanan kapitaldan irəli gəlir və özünü innovasiyalar vasitəsilə büruzə verir. ƏM obyektləri isə innovasiya fəaliyyətinin nəticələridir və KOS subyektləri innovasiyalı inkişafın prioriteti olan texnologiyaların kommersiyalaşmasında geniş iştirak etməli, innovasiyaların istifadəsi imkanlarını artırmalıdırlar, kreativ industriyalarda təmsil olunmalıdırlar.

ÜƏMT-nin 2017-ci ildə yaydığı “How to Make a Living in the Creative Industries?” (Kreativ sahələrdən nə cür faydalanaq?) nəşrində qeyd olunur ki, kreativ iqtisadiyyat rəqabətqabiliyyətliliyin və iqtisadi yüksəlişin hərəkətverici amili olmaqla, yaradıcılığın, yenilikçiliyin və innovasiyaların rolu haqqında yeni qlobal bildirişi, məlumatlandırılmasıdır. Üstəlik, iqtisadi tənəzzülə dözümlüdür və bunu BMT-nin 2011-ci ildəki “Kreativ iqtisadiyyat” Hesabatı göstərir və bu sahəni innovasiyalara xüsusi təkan verən inkişafın təminatçısı kimi tövsiyə edir.

Həqiqətən, kreativ iqtisadiyyat orta hesabla ÜDM-in 5%-i təşkil edir, ABŞ-da və bir neçə inkişaf etmiş ölkələrdə 11%-i aşır. Deməli, innovasiya, kreativ sahələrdə KOS daha əlverişli nəticələr əldə edə bilər. IIPA-nın 2017-ci ilin fevral ayına olan məlumatına əsasən, ABŞ-ın kreativ iqtisadiyyatının 2015-ci ildəki həcmi 1,2 trln. dolları aşıb.

İnternet iqtisadi keçidlə yanaşı, sahibkarlıq üçün çox vacib olan ƏM-in rəsmi dairələrində qeyri-dövlət subyektlərinə siyasi keçid göz qabağındadır. KOS-ın innovasiyalı inkişafdakı payı, kreativ iqtisadiyyatda fəallığını gücləndirərək nəzərə alınmalıdır ki, ilk növbədə ƏM üzrə biliklər artırılmalıdır və IP-menecer mütləq olaraq fəaliyyətinizin başında durmalıdır.

Sonra təqdimatlar və məruzələr olub. Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sistemi, həmçinin kreativ iqtisadiyyat haqqında geniş və hərtərəfli təqdimat edib, həmçinin onun tərəfindən çoxsaylı sualar cavablandırılıb.

Bununla yanaşı, seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi Günel Sevdimalıyeva sənaye mülkiyyəti ilə bağlı təqdimat edib, həmçinin CLDP-nin nümayəndəsi Arezo Yazd, SIL-in nümayəndəsi Darius Graham, Winston & Strawn-ın nümayəndəsi (ABŞ) Pejman Sharifi, Lex Global-ın (Aİ) nümayəndəsi Aynur Bağırzadə müxtəlif mövzularda təqdimatlar ediblər. Təqdimatlarda əqli mülkiyyət sahəsində qabaqcıl təcrübələr təhlil edilib, müəlliflik hüquqlarının və foklorun, ticarət nişanları və patentlərin qorunma rejimi və istifadəsi ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi məsələləri işıqlandırılıb.

Tədbirdə dövlət orqanlarının nümayəndələri, hüquqşünaslar, mütəxəssislər və iş adamları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti