...

Canni İnfantino: Bakıda özünüzü Fransadakı kimi hiss edəcəksiniz (FOTO)

İdman Materials 11 İyul 2016 12:36 (UTC +04:00)
Parisin 7-ci rayonunun meri R.Dati sponsorluğuna və tərəfdaşlığına görə SOCAR-a təşəkkür edib.
Canni İnfantino: Bakıda özünüzü Fransadakı kimi hiss edəcəksiniz (FOTO)

Bakı. Trend:

Futbol üzrə Avropa çempionatının final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə qəbul keçirilib.

Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Parisin 7-ci rayonunun meri Raşida Dati, Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar, FİFA-nın prezidenti Canni İnfantino, UEFA və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, digər rəsmi şəxslər, eləcə də dünya futbol ulduzları və futbol ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Səfir Elçin Əmirbəyov qonaqları salamlayıb, futbol üzrə Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın futbolun inkişafı istiqamətində fəaliyyətini xüsusi qeyd edib.

R.Abdullayev tədbirdə çıxış edərək, şirkətin üzərinə düşən vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb, Avropa Kuboku yarışlarının təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkürünü bildirib. SOCAR prezidenti futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə daha böyük nailiyyətlər qazanacağına əmin olduğunu vurğulayıb.

Parisin 7-ci rayonunun meri R.Dati sponsorluğuna və tərəfdaşlığına görə SOCAR-a təşəkkür edib, fürsətdən istifadə edərək Azərbaycana dəstəyini bir daha vurğulamaq istədiyini söyləyib. O qeyd edib ki, Azərbaycan və Fransa arasında yüksək səviyyəli tarixi, dərin və möhkəm dostluq əlaqələri mövcuddur və bu münasibətlər daha da inkişaf edir. R.Dati mərasimdə iştirak edən Fransa deputatlarının Azərbaycanı dəstəklədiklərini bildirib, daim Azərbaycanın yanında olduqlarını vurğulayıb.

Sonra Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi T.Brayar çıxışında Azərbaycan və Fransa, SOCAR və FİFA arasında olan münasibətlərin daha da dərinləşməsinə çalışdığını qeyd edib, Avropa Kuboku yarışlarının ən yüksək səviyyədə təşkili, bütün oyun zonalarında təhlükəsizliyin təmin edilməsi və oyunların xoş təəssüratlarla yadda qalması üçün Fransanın əlindən gələni etdiyini deyib. O, “Bakı 2015” Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil edilməsinin şahidi olduğunu və ölkəmizin beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malik olduğunu vurğulayıb.

Sonda FİFA-nın prezidenti C.İnfantino Avropa Kuboku yarışlarının təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. O, Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidi olan mərasim iştirakçılarını 2020-ci ildə ölkəmizdə keçiriləcək “Avro-2020” futbol yarışlarına dəvət edib, onları əmin edib ki, Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti