...

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı Əsasnaməyə dəyişikliklər edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2017 16:39 (UTC +04:00)
Sahibkarlıq sahəsində yoxlamalarla bağlı Əsasnaməyə dəyişikliklər edilib.
Sahibkarlıq sahəsində yoxlamalarla bağlı Əsasnaməyə dəyişikliklər edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən Əsasnamədə 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlər aşağıdakı redaksiyada verilir:

“1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

1.6. Bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir.”;

Aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin:

“1.6-1. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz.”;

3.1–3.3-cü bəndlər aşağıdakı redaksiyada verilir:

“3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir.

3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən).

3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması;

3.3.5. sahibkarın fəaliyyət göstərməsi, fəaliyyətini dayandırması, fəaliyyətinə xitam verilməsi (səbəbi göstərilməklə) barədə məlumat;

3.3.6. sahibkarın kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya;

3.3.7. sahibkarın müvafiq nəzarət sahəsinə münasibətdə aid edildiyi risk qrupu.”;

Bundan başqa, aşağıdakı məzmunda 3.4-1-ci və 3.6-cı bəndlər əlavə edilir:

“3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur:

3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi;
3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi;
3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər;
3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olub-olmaması;
3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi;
3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.”;

“3.6. Bu Əsasnamənin 3.2.1–3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1–3.3.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2–3.4.14-cü, 3.4.16–3.4.21-ci, 3.4-1.1–3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlıq fəaliyyəti subyektləri Reyestrə daxil edirlər.”;

4.2-ci və 4.3-cü bəndlər aşağıdakı redaksiyada verilir:

“4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.3-cü və 3.4.5–3.4.11-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən informasiya sistemi vasitəsilə elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək hər il 1 noyabr tarixindən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmuş yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.”;

Həmçinin aşağıdakı məzmunda 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilir:

“4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.3-2. Yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda, bu Əsasnamənin 4.3-1-ci bəndində göstərilən məlumatlar yoxlamadan ən azı 2 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları 1 iş günü ərzində təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı Reyestrdə yerləşdirir. Yoxlamanın keçirilməsinə razılıq verilmədikdə, bunun səbəbləri qeyd olunur.”;

Aşağıdakı məzmunda 4.5-1–4.5-5-ci bəndlər əlavə edilir:

"4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-2. Yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-3. Yoxlama zamanı yoxlanılan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 1 iş günü müddətində bu Əsasnamənin 3.4-1.1–3.4-1.4-cü yarımbəndlərində göstərilən məlumatlar Reyestrdə yerləşdirilməsi üçün yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sisteminə daxil edilir.

4.5-4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq verdiyi təqdirdə, bu Əsasnamənin 4.5-3-cü bəndində və 3.4-1.5-ci yarımbəndində göstərilən məlumatlar avtomatlaşdırılmış rejimdə Reyestrdə yerləşdirilir və yoxlayıcı orqan tərəfindən əlavə olaraq 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndlərdə göstərilən məlumatlar informasiya sistemi vasitəsilə Reyestrə göndərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq vermədikdə, yoxlayıcı orqan bu barədə məlumatlandırılır.

4.5-5. Məhdudlaşdırıcı tədbir ləğv edildikdən sonra 3 iş günü ərzində yoxlayıcı orqan bu Əsasnamənin 3.4-1.7-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları Reyestrə göndərir.”;

4.7-ci bənd aşağıdakı redaksiyada verilir:

“4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir.”;

Bundan başqa, 5.1-ci bənd (5.1.1–5.1.5-ci yarımbəndlər istisna olmaqla) aşağıdakı redaksiyada verilir:

“5.1. Yoxlamanın qeydiyyata alınması, dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:”;

5.2-ci bənd aşağıdakı redaksiyada verilir:

“5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.”;

7.1-ci bənd aşağıdakı redaksiyada verilir:

“7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”;

Aşağıdakı məzmunda VIII hissə əlavə edilir:

“VIII. Keçid müddəası

Bu Əsasnamənin 3.4.15-ci, 3.4-1.5-ci, 4.3-2-ci, 4.5-4-cü və 5.1.13-cü yarımbəndləri, həmçinin 3.6-cı bəndinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aid hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu qüvvədə olduğu müddətdə tətbiq edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti