...

PAKİSTAN ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN DAXİLİ BAZARINA GİRMƏK NİYYƏTİNDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 16:49 (UTC +04:00)

Pakistan şirkətləri Azərbaycanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Trend agentliyinin məlumatına görə, bu barədə iyulun 22-də Azərbaycanda rəsmi səfərdə olan Pakistanın işgüzar dairələrinin nümayəndələri Bakıda azərbaycanlı sahibkarlarla görüş zamanı bildiriblər.

Azərbaycan Milli Sahibkarlar Təşkilatları Konfederasiyasında (AMSTK) keçirilən görüşdə hər iki ölkənin sahibkarları iqtisadi-ticarət əlaqələrinin inkişafı prespektivlərini müzakirə ediblər. AMSTK prezidenti Ələkbər Məmmədov pakistanlı işgüzar adamlara Azərbaycanda əlverişli investisiya atmosferinin olması barədə məlumat verib.

O bildirib ki, keçən ilin birinci yarısı ilə müqayisədə bu ilin analoji dövründə ÜDM-nin həcmi 16% artıb, xarici ticarətin həcmi isə 2004-cü ildə 2,8 mlrd dollar təşkil edib. AMSTK prezidentinin sözlərinə görə, onların 1 mlrd dolları Azərbaycan və Pakistan arasındakı ticarə dövriyyəsinin payına düşür.

"Hər iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial mövcuddur, lakin əvvəlcə müəyyən problemləri həll etmək lazımdır", - deyə o qeyd edib. AMSTK sədrinin sözlərinə görə, başlıca problem hər iki ölkə arasında birbaşa hava yollarının olmamasıdır.

Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz pakistanlı iş adamlarının Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətini bildirib.

Onun sözlərinə görə, bunu hər iki ölkə prezidentləri qarşılıqlı səfərləri zamanı təsdiq ediblər. Diplomat bildirib ki, hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq edə biləcəyi telekommunikasiya, əczaçılıq, kənd təsərrüfatı və s. kimi sahələr mövcuddur.

Qeyd edək ki, Azərbaycana gəlmiş pakistanlı sahibkarlar arasında Pakistanın ölkənin daxili bazarına girmək istəyən çoxlu sayda aparıcı əczaçı şirkətləri də var.

Xəbər lenti

Xəbər lenti