...

IADC-nin Avropada Əməliyyatlar üzrə regional vitse-prezidenti SOCAR-AQŞ-də olub (FOTO)

Energetika Materials 4 May 2017 15:18 (UTC +04:00)
Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) Avropada Əməliyyatlar üzrə Regional Vitse-prezidenti SOCAR-AQŞ-də olub.
IADC-nin Avropada Əməliyyatlar üzrə regional vitse-prezidenti SOCAR-AQŞ-də olub (FOTO)

Bakı. Trend:

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) Avropada Əməliyyatlar üzrə Regional vitse-prezidenti SOCAR-AQŞ-də olub.

SOCAR AQŞ-dən Trend-ə verilən məlumata görə, SOCAR-AQŞ-nin dəvəti ilə aprel ayının 24-dən 28-nə kimi Bakıda rəsmi səfərdə olan İADC-nin Avropada Əməliyyatlar üzrə Regional vitse-prezidenti Jens Hoffmark SOCAR-AQŞ-də keçirilən görüşlərdə Baş direktor Ramin İsayev ilə müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb və müxtəlif təqdimatlarla tanış olub.

SOCAR-AQŞ-nin təşəbbüsü ilə aprel ayının 25-də Four Seasons Otel-də keçirilən İADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına həsr edilmiş konfransda iştirak edən J.Hoffmark İADC-nin missiyası, fəaliyyəti və regionlar üzrə Komitələrinin iş prinsipi haqqında ərtaflı məruzə ilə çıxış edib. O, bildirib ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzvü ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir. Xəzər hövzəsi üzrə Komitənin fəaliyyətinin bərpa olunması istiqamətində qazma sənayesində tanınmış milli və regional şirkətləri, təhsil müəssisələrini və beyin mərkəzlərinin bir araya gətirilməsinin əhəmiyyətini qeyd edən J.Hoffmark bu təşəbbüsün irəli sürülməsində və tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə SOCAR-AQŞ rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, konfransda milli və transmilli neft-qaz şirkətlərindən 120-yə yaxın nümayəndə iştirak edib.

J.Hoffmark Azərbaycana səfər proqramı çərçivəsində aprel ayının 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olmuş və universitetin rektoru, professor Mustafa Babanlı ilə universitetin tarixi, təhsil siyasəti və gənc kadrların yetişdirilməsi məsələlərinə dair maraqlı fikir mübadiləsi aparıb. J.Hoffmark həmçinin universitetin neft-qaz mühəndisliyi fakültəsinin tələbələri ilə görüşərək onların suallarını cavablandırıb.

J.Hoffmark Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulayıb.

Xəzər hövzəsində ilk dəfə olaraq SOCAR-AQŞ ilə başlanan əməkdaşlığın əhəmiyyətini vurğulayan J.Hoffmark yaxın gələcəkdə İADC-nin beynəlxalq statuslu tədbir və konfranslarının Bakıda SOCAR-AQŞ ilə birgə koordinasiya olunaraq təşkil edilməsi niyyətini açıqlayıb və Azərbaycanı beynəlxalq ictimaiyyətin təcrübə mübadiləsi üçün füsunkar, tolerant, dinamik inkişaf edən və təhlükəsiz məkan olduğunu xüsusi ilə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti