...

Azərbaycan Parlamenti pensiyaların artırılması ilə bağlı qanuna dəyişiklikləri bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 18:40 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Milli Məclisi plenar iclasda mövcud "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında qanun layihəsini bəyənib.
Azərbaycan Parlamenti pensiyaların artırılması ilə bağlı qanuna dəyişiklikləri bəyənib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Azərbaycan Milli Məclisi plenar iclasda mövcud "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında qanun layihəsini bəyənib.

Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun jurnalistlərə dediyinə görə, 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.

"Təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. 1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 83 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib", - o bildirib.

Müslümovun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.

Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur. Müslümovun bundan əvvəl dediyi kimi, bunun üçün 390 milyon manat lazım olacaq. Bunun 190 milyon manatı 2011-ci ilin ikinci yarısı ərzində ayrılacaq.

Çərşənbə axşamı parlamentdə qanuna dəyişikliklərlə bağlı müzakirələrdən sonra Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyevin Trend-ə dediyinə görə, dəyişikliklər nəticəsində orta aylıq pensiyanın məbləği 114 manatdan 150 manatadək artacaq.

"Bu, təxminən 200 dollara yaxındır və biz bunu paritet alıcılıq qabiliyyətinə köçürsək, bu, MDB-də ən yüksək göstərici olacaq", - Mehdiyev bildirib.

Onun sözlərinə görə, bütün bunlar bilavasitə pensiya sisteminin əsas göstəricisi və orta aylıq pensiyanın orta aylıq əməkhaqqının nisbətinə bərabər olan hesablaşma əmsalına təsir göstərəcək.

"2002-2003-cü illərdə bu göstərici 26-27 faiz təşkil edirdisə, indi bu, 34 faizə bərabərdir, bundan sonra isə həmin tədbirlər həyata keçən kimi bu göstərici 47 faizədək artacaq", - Mehdiyev vurğulayıb.

Onun sözlərinə görə, beləliklə, ümumilikdə ölkə üzrə pensiyanın orta məbləği fondun qəbul etdiyi orta əməkhaqqının 40 faizini təşkil edən öhdəliyi ötəcək.

"Yəni yeni qaydalar pensiyaların minimal məbləğdə ödənilməsi zamanı olan halları praktiki olaraq tam aradan qaldırmağa imkan verəcək. Pensiyanın minimal məbləği və təqaüdçünün alacağı məbləğ arasında fərq onun əmək stajından asılı olacaq", - Mehdiyev vurğulayıb.

2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 900 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.

Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında Azərbaycan Prezidenti cari ildə 2006-cı ilədək pensiyaya çıxan ölkə vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasının zəruruliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq.

Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.

Mayın 17-nə olan rəsmi məzənnə 0,7905 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti