...

Maliyyə sektorunda qiymətlərin inzibati qaydada tənzimlənməsinə ehtiyac yoxdur – AMFA İdarə Heyətinin üzvü

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2013 11:21 (UTC +04:00)
Maliyyə sektorunda mövcud qiymətlər bazar tərəfindən tənzimləndiyindən qiymətləndirməyə inzibati qaydada təsir etməyə ehtiyac yoxdur.
Maliyyə sektorunda qiymətlərin inzibati qaydada tənzimlənməsinə ehtiyac yoxdur – AMFA İdarə Heyətinin üzvü

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Maliyyə sektorunda mövcud qiymətlər bazar tərəfindən tənzimləndiyindən qiymətləndirməyə inzibati qaydada təsir etməyə ehtiyac yoxdur. Bu barədə "Muğanbank" ASC-nin Kredit Departamentinin direktor müavini, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə heyətinin üzvü Elnur Abbasov 3-cü İnvestorlar Yarmarkasının sessiyasında bildirmişdir.

"Məsuliyyətli qiymət və müştəri savadlılığı: hər kəs qazanır" mövzusuna həsr olunmuş sessiya oktyabrın 4-də, "Hyatt Regency" mehmanxanasında AMFA-nın təşkilatçılığı ilə keçirilmişdir. Sessiya malliyyə sektorunda fəaliyyət göstərən beynəlxalq və yerli ekspertlərin dəvət olunduğu 3-cü İnvestorlar Yarmarkası çərçivəsində baş tutmuşdur.

Tədbirdə məqsəd Azərbaycanda fəaliyyət göstərən banklar və mikromaliyyə institutları üçün məsuliyyətli qiymət, habelə müştərilərin maarifləndirilməsinə və maraqlarının müdafiəsinə yönləndirilən tədbirlərin müəyyənləşdirilməsi olmuşdur.

Maliyyə institutları tərəfindən müştərilərin maarifləndirilməsinin zəruriliyini qeyd edən Elnur Abbasov, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin yüksək rolunu nəzərə çatdırmış, ölkəmizdə kredit tarixçəsi mədəniyyəti formalaşdığını vurğulamışdır.

Sessiyanın digər iştirakçıları maliyyə sektorunda qiymət tənzimlənməsinə inzibati müdaxilənin müəyyən müştəri seqmentini xidmətdən kənar qoya biləcəyini qeyd etmiş, müştərilərin maarifləndirilməsinin və götürdükləri kreditə görə öhdəliyi qabaqcadan dərk etmələrinin zəruriliyini bildirmişlər.

Xatırladaq ki, "Məsuliyyətli Maliyyənin İstiqamətləndirilməsi və Sektorun Sabitliyinin Təmin olunması" mövzusuna həsr olunmuş 3-cü İnvestorlar Yarmarkasının məqsədi mikromaliyyə institutları, banklar, kredit ittifaqları və investorlar arasında əlaqələrin qurulması, habelə sektorun sabitliyini təmin etmək üçün təcrübə mübadiləsidir. Tədbirdə EBRD, Triple Jump, Triodos, KFW, Paşa Bank, EFSE/ Finance in Motion, Commerzbank, Deautche Bank və s. qurumların nümayəndələri iştirak etmişlər.

Tədbirdən hazırlanmış fotosessiyaya aşağıdakı "link"dən daxil olmaq mümnükdür: http://www.muganbank.az/press/news/1378.htm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti