...

Gənc cütlük Radio Antenn-dən Türkiyəyə səyahət kuponu hədiyyə alıb (FOTO)

Mədəniyyət Materials 4 İyul 2011 14:03 (UTC +04:00)
Xramov Ruslan və Xramova Ellada cütlüyü Radio Antenn-in "Yalan detektoru" müsabiqəsində qalib gələrək Türkiyənin Marmaris şəhərinə səyahət imkanı qazanıblar.
Gənc cütlük Radio Antenn-dən Türkiyəyə səyahət kuponu hədiyyə alıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

Xramov Ruslan və Xramova Ellada cütlüyü Radio Antenn-in "Yalan detektoru" müsabiqəsində qalib gələrək Türkiyənin Marmaris şəhərinə səyahət imkanı qazanıblar. Trend-in məlumatına görə, bazar ertəsi Radio Antenn-in studiyasında qaliblərə mükafatların verilməsi mərasimi keçirilib.

Hədiyyələri qaliblərə Radio Antenn-in efirində yayınlanan "Kişi bərbərxanası" verilişinin aparıcıları DJ Yaqut və DJ Nərgiz təqdim ediblər. Xramov cütlüyü müsabiqənin çox gərgin keçdiyini bildiriblər.

"Kişi bərbərxanası" verilişinin müəllifi və aparıcısı Nərgiz Tahirova bildirib ki, veriliş üç ildən artıqdır yayımlanır və efirə çıxdığı müddətdən bir sıra qalmaqallı məqamlar olub.

"Bəzən kişilər düşünürlər ki, biz onları təhqir edirik. Hətta bu verilişə görə bizi məhkəməyə verənlər də olub. Lakin məqsədimiz heç də kişiləri təhqir etmək deyil. Biz sadəcə həqiqəti ortaya çıxarırıq", - Tahirova əlavə edib.

Onun sözlərinə görə, veriliş müddətində xanımlara verilən suallara maraqlı cavablar alıblar.

"Xanımlara sual verilirdi ki, kişilər nəyə lazımdır. Hətta bəzən qadınlar bildirirlər ki, XXI əsrdə kişilərə heç bir ehtiyac yoxdur", - o deyib.

DJ Nərgiz onu da bildirib ki, bəzi insanlar aparıcıları aqressiv hesab edirlər, lakin həyatda onlar heç də belə deyillər və bu xarakter onların veriliş boyu ifa etdikləri obrazların xarakteridir.

Radio Antenn-in tanınmış aparıcılarından DJ Yaqut verilişləri zamanı başlarına gələn maraqlı əhvalatlardan söz açıb. Onun sözlərinə görə, bir müddət əvvəl efirə gedən "Mərdimzar" verilişində zaraf etdikləri adamlar onları məhkəməyə vermək istəyiblər.

"Verilişdə zarafat etmək məqsədi ilə zəng etdiyimiz bir qadın mənə öz ərimə cadu eləməyi məsləhət görmüşdü və demişdi ki, o özü də ərinin belə üsulla "əl-ayağını yığır". Biz də həmin qadının səsini efirə verdiyimizə görə həmin qadın bizi məhkəməyə vermək istəyirdi", - o deyib.

"Kişi Bərbərxanası" verilişinin prodüseri Aygün Kərimova Trend-ə açıqlamasında bildirib ki, mayın 15-də Radio Antenn-in fəaliyyətə başlamasının 11 illiyi tamam olub və həyata keçirilən müxtəlif hədiyyə kampaniyaları bu ildönümü münasibətilədir.

"Qısa zaman ərzində müxtəlif müsabiqələr keçirilib və müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Bunlardan biri də "Kişi bərbərxanası" verilişi çərçivəsində keçirilən müsabiqənin qaliblərinin mükafatıdır. Biz elan vermişdik, müxtəlif cütlüklər bizdə qeydiyyatdan keçmişdilər. 30-a yaxın cütlük arasında 25 illik ailə həyatı sürmüş insanlar, nişanlılar və sevgililər var idi. Ay ərzində oyun oynanıldı. "Yalan detektoru" adlanan bir yarışma da keçirilib. Hər bir cütlüyün qadın və kişi üzvlərinə ayrı-ayrılıqda suallar verilirdi. Əgər qadınla kişinin cavabları üst-üstə düşürdüsə, onlar müsabiqənin növbəti mərhələsinə keçə bilirdilər. Müsabiqə seçmə mərhələ, yarımfinal və finaldan ibarət idi. Finalda üç cütlük qalmışdı. Həmin üç cütlükdən Ruslan və Ellada qalib gələ bildi", - o əlavə edib.

Kərimova bildirib ki, Radio Antenn-in efirində müxtəlif hədiyyə kampaniyaları davam edir. "Konturmaniya" müsabiqəsində radionun dinləyicilərinə danışıq konturları hədiyyə edilir.

Onun sözlərinə görə, hazırda Radio Antenn-də Azərbaycanın radio tarixində ilk dəfə avtomobil qazanmaq uğrunda müsabiqə keçirilir.

Səmimi söhbətlərdən sonra müsabiqənin qaliblərinə hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti