...

Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib

Mədəniyyət Materials 10 Aprel 2012 12:38 (UTC +04:00)
Aprelin 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Aprelin 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Trend-in məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən Xalq teatrlarının işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə artıq üçüncü ildir ki, Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə cari ildə milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi qeyd ediləcəkdir.

Bu məqsədlə Bakı Şəhər Xalq Teatrları Festivalında görkəmli ədibin pyeslərinin səhnələşdirilməsi nəzərdə tutulmuş və 13-15 fevral 2012-ci il tarixlərində İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rejissor və quruluş hissə müdirləri üçün treninqlər təşkil edilmişdir.

Festivala qatılan 9 xalq teatrı, 5 dram dərnəyi və 1 kukla teatrı böyük mütəfəkkirin "Hekayəti-xırsi-quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur", "Hekayəti-molla İbrahimxəlil kimyagər", "Mürafiə vəkillərinin hekayəti" və "Hekayəti-mərdi xəsis" komediyalarını səhnələşdirilmişdir. Ümumilikdə Festivalda 15 kollektiv iştirak etmişdir.

Festivala qatılan Xalq kollektivləri və dram dərnəklərində isə 135 nəfər həvəskar aktyor çıxış etmişdir.

Festivalın baxış müsabiqəsi 2-4 aprel tarixlərini əhatə etmiş və 3 gün ərzində münsiflər heyəti kollektivlərin çıxışlarına münasibətlərini bildirərək, qalibləri müəyyən etmişlər.

Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Estrada Teatrının "Kolorit" rəqs qrupunun çıxışı ilə başladı.

Festivalın nəticələrinə əsasən I, II, III yerlər və ən yaxşı rejissor işi, ən yaxşı musiqi tərtibatı, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu nominasiyaları üzrə qaliblər Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev tərəfindən mükafatlandırıldı. Festivalda fərqlənənlər Diplom və Fəxri Fərmanlar ilə təltif olundular.

I yer - I dərəcəli diplom və mükafat
Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdəkan" Xalq teatrı

II yer - II dərəcəli diplom və mükafat
H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı

III yer - III dərəcəli diplom və mükafat
Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyi

Ən yaxşı rejissor işi
Rəhman Əlizadə - Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdəkan" Xalq teatrı

Ən yaxşı musiqi tərtibatı
H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı

Ən yaxşı qadın rolu ifaçısı
Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyinin üzvü Aidə Əhmədzadə

Ən yaxşı kişi rolu ifaçısı
Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdəkan" Xalq teatrının üzvü Nizami Əlizadə

Təqdimat mərasimindən sonra 2012-ci il Bakı Şəhər Xalq Teatrları Festivalınin qalibi Nizami adına Mədəniyyət Mərkəzinin "Mərdəkan" Xalq Teatrının ifasında Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" əsasında "Vəkillərin məkrləri" məzhəkəsi nümayiş etdirilir. Tamaşanın müəllifi əməkdar incənət xadimi Rəhman Əlizadə, musiqi tərtibatçısı Zaur Əmiyevdir.

Xəbər lenti

Xəbər lenti