Bakı. Trend:
Köhnə Bakının düz mərkəzində, sakit Murtuza Muxtarov küçəsində bir bina ucalır. Onun yanından biganə keçmək mümkün deyil. Bu gün burada Azərbaycan Memarlar İttifaqı yerləşir, lakin bu ev sadəcə inzibati ünvan deyil. O, XIX–XX əsrlərin qovşağında neft bumu dövrünün ən ifadəli memarlıq nümunələrindən biri – milyonçu, mesenat və xeyriyyəçi Ağabala Quliyevin keçmiş malikanəsidir.
XIX əsrin sonu Bakını regionun ən varlı şəhərlərindən birinə çevirmişdi. Neft maqnatları təkcə sənaye miqyasında deyil, memarlıq dəbdəbəsində də yarışır, Avropanın ən yaxşı memarlarını dəvət edirdilər. 1899-cu ildə “un kralı” kimi tanınan sahibkar Ağabala Quliyev milli kimliyi əks etdirən və eyni zamanda Avropa təmsilçilik standartlarına cavab verən bir malikanə tikdirmək niyyətinə düşür. Layihə memar Yevgeni Skibinskiyə həvalə olunur və nəticə həqiqətən də unikal alınır. Dəbdəbəli evin interyerlərini rəssam Durov tərtib edərək onlara xüsusi bədii ifadəlilik qazandırır.
Trend oxucularına Arif Quluzadənin fotoreportajı ilə müşayiət olunan materialı təqdim edir – bu bir insanın taleyi və onun yaratdığı memarlıq şah əsəri haqqında hekayədir.
Binanın təsvirinə keçməzdən əvvəl Ağabala Quliyevin özü barədə bir neçə söz demək yerinə düşər. O, 1862-ci ildə Bakının Keşlə qəsəbəsində yoxsul bir ailədə anadan olub. Erkən yaşlarından valideynlərinə kömək edir, anasının bişirdiyi qutabları sataraq ailə büdcəsinə dəstək verirdi. Boya başa çatdıqdan sonra un və taxıl ticarəti ilə məşğul olur, daha sonra dəyirman tikir. Zamanla işi xeyli genişlənir: Quliyev Qafqaz, Şimali Asiya və Stavropolda un dəyirmanları və düyü təmizləmə zavodlarının sahibi olur və buna görə də “un kralı” ləqəbini qazanır. O, dəfələrlə Bakı Şəhər Dumasının üzvü seçilib.
Onun adı tarixdə dramatik bir səhifə ilə də bağlıdır – 1915-ci ildə rus-türk qarşıdurması dövründə ağır şəraitdə əsir saxlanılan bir qrup türk hərbi zabitin Nargin adasından qaçışına yardım göstərib. İnqilabdan sonra sahibkarın izi itir: nə ölüm tarixi, nə də övladlarının taleyi məlumdur. Zaman yalnız malikanəni – məşhur bakılı ailənin səssiz abidəsi kimi – qoruyub saxlayıb.
Memar Skibinskinin şəxsiyyəti də az maraq doğurmur. Şamaxı (1858) şəhərində anadan olmuş, Peterburq Rəssamlıq Akademiyasının məzunu, Bakı Texniki Məktəbinin müəllimi olan o, yaradıcılığında Bakının və Abşeronun yerli orta əsr memarlıq ənənələrinə istinad etməsi ilə seçilirdi. Quliyevin malikanəsi onun ilk iri həcmli layihəsi olmuş və Şirvanşahlar Sarayının memarlığının təsiri altında yaradılmışdır. Skibinski faktiki olaraq inqilabdan əvvəlki dövrdə “Bakı üslubu” adlandırılan istiqamətdə çalışan yeganə memar olmuş, dəbdə olan Şərq və ya Avropa motivlərinə deyil, Köhnə şəhərin irsinə əsaslanmışdır.
Bu iki mərtəbəli künc ev Bakının memarlığında milli-romantik istiqamətin inkişafına mühüm təsir göstərib. Küçənin dar olmasına baxmayaraq, fasadın üçölçülü plastikası binaya xüsusi ifadəlilik verir. Məhz bu layihənin təsiri ilə 1898–1901-ci illərdə Nikolayevskaya küçəsi (indiki İstiqlaliyyət küçəsi) salınıb.
Diqqəti ilk cəlb edən üç küçəyə açılan və simmetrik-oxlu kompozisiya əsasında qurulan fasaddır. O, sanki daşda yazılmış bir hekayədir: oyma tağlar, incə daş plastikası, zərif ornamentlər. Rustikal səthlər zəngin dekorativ elementlərlə bəzədilib. Künc rizalitlərində ustalıqla işlənmiş stalaktitlərlə mehrab imitasiyası işıq və kölgənin ifadəli oyununu yaradır. Bitki və həndəsi naxışlarla haşiyələnmiş nalvari pəncərə açıqları istər-istəməz baxışları özündə saxlayır. Mərtəbələrarası karniz zərif bitki ornamentləri ilə bəzədilib, miniatür stalaktit formasında modilyonlar isə tamamlayıcı karnizi dəstəkləyərək kompozisiyanın bütövlüyünü vurğulayır.
Açıq rəngli Bakı daşı binaya yumşaqlıq və nəciblik bəxş edir, detallara göstərilən yüksək diqqət isə elə təəssürat yaradır ki, qarşımızda sadəcə şəhər evi deyil, XX əsrin əvvəllərində müasirləşən şəhərə üzvi şəkildə daxil edilmiş Şərq sarayı dayanıb. Giriş pilləkən oyma məhəccərlərlə və rəngli tavanlarla bəzədilib, mərmər pilləkən qəfəsləri və zal interyerləri zəngin və düşünülmüş memarlıq həlli ilə seçilir.
Bu gün malikanə həyatını davam etdirir. Onun divarları arasında sərgilər, peşəkar görüşlər, layihə təqdimatları keçirilir. Buradakı ab-hava xüsusidir: bir vaxtlar tacir əzəmətini görmüş divarlar indi müasir memarlıq və şəhərlərin gələcəyi barədə müzakirələrin şahidinə çevrilir. İnteryerlərdə tarixi elementlər qismən qorunub saxlanılıb.
Bu, təkcə milli memarlıq abidəsi deyil, həm də keçmişlə bu günün daim dialoqda olduğu canlı məkandır.
Trend BİA redaksiyası çəkilişlərin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadəyə təşəkkürünü bildirir.
