...

4-cü Beynəlxalq İƏT Modeli öz işini bitirdi (FOTO)

Gündəm Materials 16 İyun 2021 17:44 (UTC +04:00)
4-cü Beynəlxalq İƏT Modeli öz işini bitirdi (FOTO)

Bakı. Trend:

16 iyun, 2021 Artıq 10 ildən çoxdur, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə milli və beynəlxalq səviyyədə həyata keçirilən İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası və Simulasiya Konfransı öz işini başa çatdırıb. Layihənin yekun mərhələsi olaraq, İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən və 31 ölkədən 100-dən artıq gəncin iştirak etdiyi 4-cü İƏT Modeli beynəlxalq konfransının bağlanış mərasimi bu gün baş tutub.

Mərkəzdən Trend-ə bildirilib ki, tədbirin bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev layihənin məqsəd və vəzifələri, pandemiya dövründə qurumun keçirdiyi layihələrin özəllikləri və əhatəsi, həmçinin bu ilki layihənin nailiyyətləri ilə bağlı müvafiq məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Mehdiyev Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstək və tərəfdaşlıq üçün və həmçinin layihədə mühazirələrlə çıxış etmiş Fələstin, Pakistan, Qazaxstan, Mərakeş və Əlcəzair kimi İƏT üzv dövlətlərinin ölkəmizdəki səfirlərinə və beynəlxalq ekspertlərə təşəkkür edib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev Azərbaycan hökumətinin və təmsil etdiyi nazirliyin çeşidli İƏT fəaliyyətlərinə, İƏT Gənclər Forumu və onun Bakıdakı Regional Mərkəzinə, onların fəaliyyətlərinə göstərdiyi dəstəkdən bəhs edib. Daha sonra Fələstinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərim və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sözügedən proqramın gənclərin inkişafında oynadığı rolu və həmçinin gənclərin inkişafına və təhsilinə yönəlmiş layihələrin əhəmiyyətini vurğulayaraq, təşkilatçıları və gəncləri uğurlu fəaliyyət münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıblar.

Beş həftə ərzində davam edən proqram çərçivəsində beynəlxalq və yerli mühazirəçilərlə yanaşı səfir Nasser Əbdül Kərim (Fələstin), səfir Məhəmməd Adil Embarç (Mərakeş), səfir Serjan Abdukərimov (Qazaxıstan), səfir Bilal Haye (Pakistan) və səfir Salma Abdelhaq (Əlcəzair) təmsil etdikləri ölkələrin xarici siyasəti, mədəniyyəti, iqtisadiyyatı, eləcə də İƏT-də tutduqları mövqe haqda tələbələrə mühazirələr oxuyub və tələbələrin müvafiq suallarını cavablandırıblar.

Proqramın son mərhələsi olan “Regional inkişaf və sülhün əldə olunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti” başlıqlı İƏT xarici işlər nazirlərinin beynəlxalq simulasiya konfransında gənclər üzv-ölkələrin xarici işlər nazirləri statusunda İƏT coğrafiyasında və dünyada baş verən siyasi, iqtisadi və humanitar xarakterli məsələləri müzakirə ediblər.
Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti