...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri yaxın zamanda Bakıya gətiriləcək (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 İyul 2011 20:33 (UTC +04:00)
İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri yaxın zamanda Bakıya gətiriləcək (ƏLAVƏ OLUNUB)

7-ci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:53-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir S.Ağayev/

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyindən məlumat verilib.

"Yaxın zamanlarda meyitlər Bakıya çatdırılacaq", - səfirlikdən deyiblər.

İyulun 6-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.

Səfirlik nümayəndəsinin sözlərinə görə, Əfqanıstan XİN Azərbaycan tərəfinin notasına operativ reaksiya verib. XİN genişmiqyaslı əməliyyat həyata keçirib, nəticədə İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb və Kabula çatdırılıb.

"Yaxın zamanlarda meyitlər Davud Xan şəhər xəstəxanasında olacaq. Zəruri prosedurlardan sonra ən qısa müddətdə meyitlər Bakıya göndəriləcək", - səfirlikdən deyiblər.

Xəbər lenti

Xəbər lenti