...

Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb

Hadisə Materials 6 Dekabr 2019 17:55 (UTC +04:00)
Bu il mayın 8-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətində qətlə yetirilən, həmin idarənin əməkdaşı 35 yaşlı Emin Kərimovun öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb

Bakı. Samir Əli - Trend:

Bu il mayın 8-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətində qətlə yetirilən, həmin idarənin əməkdaşı 35 yaşlı Emin Kərimovun öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

E.Kərimovun atası Vəli Kərimov Trend-ə açıqlamasında bildirib ki, oğlu böhtan və xuliqanlığın qurbanı olub.

Onun sözlərinə görə, Sumqayıt şəhər prokurorluğu da təsdiq edib ki, qətl şərəf və ləyaqət məsələlərinə görə deyil, xuliqanlıq niyyəti ilə həyata keçirilib: "Cinayət işinin istintaqı artıq başa çatıb və iş məhkəməyə təqdim olunub. Məhkəmə iclasının vaxtı hələ təyin edilməyib".

V.Kərimov bildirib ki, Sumqayıt şəhər 10-cu mikrorayonda yaşayan oğlu Kərimov Emin Vəli oğlu çalışdığı Fövqəladə Hallar Nazirliyinin binası önündə bıçaqlanaraq öldürülüb:

"1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov və onun qardaşı 1985-ci il təvəllüdlü Yaşar İbrahimov bıçaqla oğluma hücum ediblər. Emin aldığı bıçaq yaralarından hadisə yerində vəfat edib.

Maraqlıdır ki, qardaşlardan ancaq Şəmsəddin İbrahimov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb edilib, qardaşı Yaşar İbrahimov isə səbəbi məlum olmayan məqamlardan dolayı cinayət məsuliyyətindən yayınıb".

Mərhumun atası deyir ki, psixi pozğunluqdan əziyyət çəkən və qardaşını bu cür ağır cinayətə təhrik edən şəxs cəmiyyət üçün təhlükəlidir: "Bununla əlaqədar hüquq-mühafizə orqanları onun təcrid olunması üçün zəruri tədbirlər görməlidir. Axı, heç kim onun tərəfindən belə bir cinayətin təkrarlanmayacağına zəmanət verə bilməz".

V.Kərimov bildirib ki, etdikləri hərəkətə haqq qazandırmaq üçün ilkin istintaq dindirilməsində, saxlanılan şəxslər Emin Kərimovu şərəf və ləyaqət məsələlərinə görə qətlə yetirdiklərini bildiriblər: "Yaşar İbrahimov Sumqayıt şəhəri 10-cu mikrorayonda, qardaşı Şəmsəddin İbrahimov isə 2-ci mikrorayonda yaşayıblar. Hər ikisi Sumqayıt şəhəri Yaşıllaşdırma İdarəsində işləyiblər.

Lakin istintaqın gedişatında şərəf və ləyaqətin ləkələnməsi versiyası öz təsdiqini tapmayıb. Prokurorluq qətlin xuliqanlıq səbəbi ilə törədildiyi qənaətinə gəlib.

Məlum olub ki, cinayəti törədən şəxs kiçik qardaşının təhriki ilə qətli həyata keçirib. Yaşar İbrahimov qardaşına yalan danışaraq, güya E.Kərimovun onun həyat yoldaşını izlədiyini deyib. Onun digər yalanı E.Kərimovun qardaşının həyat yoldaşının sosial şəbəkələrdə şəkillərini yayımladığından ibarət olub.

Yaşar İbrahimov istintaqa dediklərini sübuta yetirə biləcək hər-hansı dəlil təqdim edə bilməyib. Bundan əlavə, psixi pozuntudan əziyyət çəkən Y.İbrahimov bildirib ki, FHN əməkdaşının dostları onun yanında ədəbsiz ifadələrdən istifadə ediblər, o isə söyüşləri şəxsi ünvanına yönəldiyini düşünüb.

Qardaşının sözlərinə inanan Şəmsəddin İbrahimov cinayəti planlaşdırmaq qərarına gəlib. Fövqəladə Hallar Nazirliyinin binası önündə Eminlə görüşən Ş.İbrahimov qardaşının namusunu müdafiə etməyə gəldiyini deyib. Cavabında oğlum Yaşar İbrahimovun iddialarının həqiqətəuyğun olmadığını bildirib. Bu zaman böyük qardaş bıçağı çıxararaq ona zərbələr endirməyə başlayıb.

Cinayət əməlini həyata keçirən qardaşlar yoldan keçən mikroavtobusa minib ərazidən uzaqlaşmaq istəsələr də, öldürülən şəxsin həmkarları tərəfindən saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil veriliblər".

Xatırladaq ki, bu il mayın 8-də Sumqayıtda, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətində oranın işçisi Emin Kərimov bıçaqla qətlə yetirilib. Qətl hadisəsini törətməkdə şübəhli bilinən Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu saxlanılıb. Qətl hadisəsinin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti