Bakı. Trend:
Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Trend xəbər verir ki, bu barədə Qəbələ Rayon Prokurorluğunun məlumatında deyilir.
Bildirilib ki, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
xxx
17.10.2024, 21:39
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.