Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir R.Novruzov/ Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasında müzakirə ediləcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 16-da Nyu-Yorkda işinə başlayacaq BMT-nin 63-cü sesiyasında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesindəki vəziyyətə dair məruzə ilə çıxış edəcək, - cümə axşamı Trend -a Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev bildirib.
Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında
1988-ci ildə münaqişə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.
"Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Cənubi Qafqazdakı vəziyətə, "dondurulmuş münaqişələrin" regionun təhlükəsizliyinə göstərdiyi təsirə aid məsələyə toxunacaq", - Mehdiyev deyib.
Cənubi Qafqazdakı
vəziyyət ayrıca olaraq Azərbaycan, Ermənistan və
Türkiyə xarici işlər nazirlərinin
görüşündə müzakirə ediləcək.
Onlara Rusiya xarici işlər nazirinin də qoşulacağı
istisna edilmir. Görüş bu ölkələrin Xarici
İşlər nazirlikləri rəhbərlərinin BMT
Baş Assambleyasının sessiyasında iştirakı
çərçivəsində keçiriləcək.