...

Hazırda Qərb hər şey edir ki, Azərbaycan üçün əhəmiyyət kəsb etsin – amerikalı icmalçı Mark Katz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 16:22 (UTC +04:00)
Hazırda Qərb dövlətləri Azərbaycan üçün dəyərli və əhəmiyyətli olmaq istəyirlər və bunun üçün hər şey edirlər. Cənubi Qafqaz və İran üzrə amerikalı ekspert Mark N.Katz belə hesab edir.
Hazırda Qərb hər şey edir ki, Azərbaycan üçün əhəmiyyət kəsb etsin  – amerikalı icmalçı Mark Katz

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E.Tariverdiyeva/

Hazırda Qərb dövlətləri Azərbaycan üçün dəyərli və əhəmiyyətli olmaq istəyirlər və bunun üçün hər şey edirlər. Cənubi Qafqaz və İran üzrə amerikalı ekspert Mark N.Katz belə hesab edir.

"Azərbaycan Dağlıq Qarabağ məsələsi nizamlanmadan Türkiyə-Ermənistan münasibətlərindəki prosesin perspektivlərinə kəskin şəkildə mənfi reaksiya verib və işarə edib ki, əgər bu baş verərsə Rusiya ilə yaxınlaşacaq ki, bunu da Qərb liderləri heç cür istəmirlər", - Trend -a elektron poçtla ABŞ-ın Corc Meyson Universitetinin (George Mason University) beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru Katz deyib.

Onun fikrincə, məhz buna görə Qərb Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsinə dəstək verməkdə davam edərək, Azərbaycanla yaxşı münasibətlərini qoruyub saxlamaq üçün hər şey etməyə cəhd edir.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə XİN rəhbərləri Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması haqqında protokollar imzalayıblar. İki ölkə arasında münasibətlər 1993-cü ildən pozulub.

Katzın sözlərinə görə, Qərb hesab edir ki, hətta Dağlıq Qarabağ problemi dərhal həll edilməsə belə, Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması həmin münaqişənin nizamlanması perspektivlərini artırır. Və buna görə də, onun fikrincə, Qərb Ankara-Yerevan münasibətlərinin nizamlanmasına dəstəyini əsirgəmir.

"Avropalılar və amerikalılar çox istəyirlər ki, Türkiyə-Ermənistan münasibətlərində inkişaf görsünlər, - Katz deyib. - Onlar həmçinin Azərbaycan-Ermənistan münasibətlərində də normallaşma görmək istərdilər, lakin Ankara-Yerevan münasibətlərinin normallaşmasından imtina yolu ilə deyil".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti