...

İranın RF-dəki səfirliyi Ermənistan KİV-in məlumatını təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2011 12:30 (UTC +04:00)
Ermənistan KİV-də yayılan və İranın Rusiyadakı səfirinə aid edilən fikirlər İran-Azərbaycan və İran-Rusiya əlaqələrinin inkişafını istəməyən qüvvələrin işidir.
İranın RF-dəki səfirliyi Ermənistan KİV-in məlumatını təkzib edir

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Cəfərov/

Ermənistan KİV-də yayılan və İranın Rusiyadakı səfirinə aid edilən fikirlər İran-Azərbaycan və İran-Rusiya əlaqələrinin inkişafını istəməyən qüvvələrin işidir. Bunu İranın Moskvadakı səfirliyinin müşaviri Vəliyullah Zərgəri deyib.

"Səfirlik İranın Rusiyadakı səfiri Rza Səcadinin Ermənistanın "Noev kovçeq" qəzetinə müsahibəsində Dağlıq Qarabağdan danışarkən, "Dağlıq Qarabağ hökuməti" ifadəsini işlətməsi barədə məlumatları təkzib edir", - səfirliyin müşaviri çərşənbə axşamı Moskvadan telefonla Trend-ə bildirib.

Ermənistanın "Noev kovçeq" qəzeti İranın Rusiyadakı səfiri Rza Səcadi ilə təxribatçı müsahibə dərc edib. Həmin müsahibədə qəzet İran səfirinin ağzından Dağlıq Qarabağ separatçı rejiminin "tanınması"nı "qoparmağa" ciddi səy göstərib.

Zərgəri bildirib ki, İranın Dağlıq Qarabağ məsələsində mövqeyi aydındır. İran münaqişənin dinc yolla həllini dəstəkləyir.

Bu gün Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev Trend-ə nazirliyin bu məsələni araşdırdığını bildirib. İran diplomatının bu bəyanatı ilə bağlı Azərbaycanın İrandakı səfirliyinə müvafiq göstəriş verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti