...

Ekspert: Gürcüstan Dağlıq Qarabağ probleminə münasibətdə ermənipərəst mövqe nümayiş etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2013 14:02 (UTC +04:00)
Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi tamamilə ermənipərəst mövqeyə çevrildi.
Ekspert: Gürcüstan Dağlıq Qarabağ probleminə münasibətdə ermənipərəst mövqe nümayiş etdirir

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.Mehdiyev /

Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi tamamilə ermənipərəst mövqeyə çevrildi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Politoloqun sözlərinə görə, Gürcü patriarxı dərin hörmət bəslədiyi və böyük ehtiramla qarşıladığı Azərbaycanın Şeyxülislamı ilə söhbətdə Abxaziya və Cənubi Osetiyanın Gürcüstana məxsus olduğu kimi, Dağlıq Qarabağın da Azərbaycana məxsusluğunu dilə gətirdi. "Az sonra bu, Gürcü Patriarxlığının rəsmi səlahiyyətlisi tərəfindən təkzib edilib və məlum olub ki, Patriarx Abxaziya və Cənubi Osetiyanın adını çəksə də, Dağlıq Qarabağın adını çəkməyib. Bundan başqa, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Litvada çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini dəstəklədiyini bildirdi və azərbaycanlı səfirin polemikaya qoşulması ilə Pancikidze Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu bildirdi. Gürcüstana qayıtdıqdan sonra bunu təkzib etdi. Pancikidzenin bu təkzibində Mixail Saakaşvilini tərəfdarlarının başladığı ermənipərəst kampaniya təsirli rol oynayıb", - Əhmədoğlu deyib.

Politoloqun fikrincə, Gürcüstanın Baş naziri Bidzina İvanişvili isə Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında Ermənistana lazım olan mövqeni ortalığa qoyub. Bu mövqeni gürcü xalqının, bütün Gürcüstan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi kimi başa düşmək olar.

Mərkəzin direktoru qeyd edib ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Gürcüstana inanır və onun Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinin azərbaycanpərəst olacağını düşünürdü. Bununla belə, Azərbaycanın öz fikrini dəyişməsi o qədər də gec deyil. "Azərbaycan ermənipərəstliyə meyillənmiş Gürcüstanın bu mövqeyini müəyyən zaman kəsiyi üçün siyasi qüvvənin mövqeyi kimi deyil, daimi mövqe kimi qəbul etməlidir. Gürcüstanın regional siyasətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasətinin dəyişilməsi üçün Azərbaycan uzunmüddətli fəaliyyət planı hazırlayıb, reallaşdırmalıdır. Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu plan dəyişilməməlidir", - Əhmədoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti