...

Stef Qoris: Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması münaqişənin nizamlanmasının əsas şərti olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2005 18:57 (UTC +04:00)

Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas şərt olmalıdır. Trend in məlumatına görə, bu barədə oktyabrın 26-da Qərbi Avropa Parlamentlərarası Assambleyasının sədri Stef Qoris Azərbaycan parlamentinin spikeri Murtuz Ələsgərovla görüşündə bildirib.

"Mənim mövqeyim ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi ən yaxın zamanda həll olunmalıdır, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar. Lakin əsas şərt Azərbaycan ərazilərinin işğaldan azad edilməsi olmalıdır", -deyə QAPA-nın sədri bildirib. O deyib ki, yerdə qalan digər bütün məsələləri yalnız bu şərtin yerinə yetirilməsindən sonra həll etmək mümkündür.

S. Qoris həmçinin bildirib ki, QAPA-nın Parisdə keçiriləcək və Azərbaycan prezidenti İlham Əliyev də məruzə ilə çıxış edəcəyi dekabr sessiyasında Azərbaycanın bu təşkilata üzvlüyü məsələsi də müzakirə olunacaq.

Bununla yanaşı, S. Qoris xatırladıb ki, 2006-cı ilin yanvarından ATƏT-ə sədrlik Belçika tərəfindən həyata keçiriləcək və o, Belçikanın iqtidardakı partiyasının nümayəndəsi kimi öz ölkəsinin Xarici İşlər Nazirliyi qarşısında Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli yolla həll olunmasını dəstəkləməsi ilə bağlı məsələ qaldıracaq.

Öz növbəsində, M. Ələsgərov qeyd edib ki, rəsmi Bakıya Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və sabitliyin saxlanmasına mühüm əhəmiyyət verən Qərbi Avropa İttifaqının mövqeyi məlumdur.

"QAPA-nın qarşıdakı sessiyası çərçivəsində Qafıqazda sabitliklə bağlı məruzə dinləniləcək və mən bu sənədin obyektiv şəkildə hazırlanacağına ümid edirəm", -deyə spiker bildirib və S.Qorisin Azərbaycanın Sabirabad rayonundakı məcburi köçkün və qaçqın düşərgəsinə səfərini müsbət qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti