...

ATƏT-in Azərbaycandakı səfiri: "Məhkəmə sistemində islahatlar demokratikləşmə prosesinin ən çətin hissəsidir (video)

Siyasət Materials 11 Oktyabr 2007 18:31 (UTC +04:00)
ATƏT-in Azərbaycandakı səfiri: "Məhkəmə sistemində islahatlar demokratikləşmə prosesinin ən çətin hissəsidir (video)

Trend in ATƏT-in Azərbaycandakı səfiri Xose Luis Herrero ilə eksklüziv müsahibəsi

- Cənab səfir, sizin ATƏT-in Bakı ofisinin rəhbəri təyin olunduğunuz vaxtdan 6 ay ötür. Bu müddət ərzində nə kimi dəyişikliklər olub, Sizin ofisinizin gələcək fəaliyyət strategiyası müəyyənləşibmi?

- Bu dövr həddən artıq maraqlı olub. Biz Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqda davam edirik. Məlum olduğu kimi, ATƏT-in fəaliyyəti hökumət, vətəndaş cəmiyyəti və digər institutlarla əməkdaşlığa yönəlib. Biz bir sıra mühüm sahələrdə dəyişikliklərin dəstəklənməsinə yönəlmiş proqramlar üzərində işləyirik. Bu mühüm sahələrdən biri məhkəmə sisteminin idarə edilməsidir. Hazırda biz məhkəmə sistemi sahəsində namizdlər üçün ciddi treninqlər keçiririk və hüquqi islahatların həyata keçirilməsinə yaxından kömək göstəririk. Mən mətbuatla bağlı layihələri xüsusilə qeyd edərdim. Biz İTV ictimai telekanalının fəaliyyətinin gücləndirilməsi ilə bağlı proqramın həyata keçirilməsinə başlayırıq. Bütün mətbuat və redaktorlarla əməkdaşlıq edəcəyik. Bizim səylərimiz sistemli dəyişiklikərin əldə edilməsinə yönəlib. İctimaiyyət çox vaxt sürətli dəyişikliklərin baş vermədiyi və vaxtında addımlar atılmadığı üçün narahat görünür. Biz Azərbaycanda demokratik dəyişikliklər üçün möhkəm əsas yaratmaq niyyətindəyik. Bu dəyişikliklər dərhal baş verə bilməz. Mən, həmçinin, bu dəyişikikələrin asta templə baş verməli olduğunu da deyə bilmərəm. Biz bu məsələyə ciddi yanaşmalıyıq. Qeyd etdiyim kimi, ədalət məhkəməsi, mətbuat, siyasi qüvvələrlə işləmək çox vacibdir.

- Oktyabrın 9-da ATƏT Azərbaycanın məhkəmə sistemində yeni namizədlər üçün yeni treninq proqramına başlayıb. Lakin ölkədə uzun müddət hakim vəzifəsində çalışan və Azərbaycanın məhkəmə sisteminin problemlərlə birbaşa əlaqədar olan hakimlər ordusu mövcuddur.

- Məhkəmə sistemində aparılan islahatlar siyasi dəyişikliklər, demokratiya prosesindən keçən istənilən ölkədə demokratikləşmə prosesinin mürəkkəb hissəsidir. Nə üçün? Çünki mütəxəssislərin hazırlanmasına illər sərf olunur. İki ilə hakim olmaq mümkün deyil. Hər şeyi təzədən başlamaq və Azərbaycanın hər bir məhkəmə orqanını bu sahədə mütəxəssisə çevirmək üçün çalışmaq lazımdır. Məhkəmələrin özü peşəkar fəaliyyət göstərdiyi təqdirdə, onlar məhkəmə hüququ, hüquq-mühafizə sisteminə aid olan ən ciddi və incə məsələləri həll edə bilərlər. Lakin buna tezliklə nail olmaq olmaz. Bu, hökumətin, məhkəmə orqanlarının özlərinin və cəmiyyətin səyləri sayəsində baş verməlidir. Cəmiyyət bu məsələdə xüsusi rol oynayır. Cəmiyyət arzuolunmaz vəziyyətlə qarşılaşan zaman təslim olmamalıdır. Cəmiyyət müqavimət göstərməli və hüquq sisteminin özünün təklif etdiyi vasitələri sınaqdan keçirməlidir. Azərbaycanda, həmçinin, hüquq sistemində mövcud olan problemlərlə məşğul olan Ombudsman İnstitutu və Ədliyyə Nazirliyi mövcuddur. Lakin, qeyd etdiyim kimi, vəziyyət bir həftəyə dəyişə bilməz. Bunun üçün vaxt tələb olunur. Eyni zamanda, bu səylər həyata elə keçirilməlidir ki, vəziyyət kifayət qədər qısa müddətə dəyişə bilsin.

- ATƏT Azərbaycanda polis işçiləri üçün xüsusi təlimlər təşkil edirmi?

- Bu layihə artıq iki ildir ki, Mingəçevirdə həyata keçirilir. Aparılan işlərin əsasını insanların polisin vəzifələrini dərk etməsinə kömək etmək təşkil edir. Polis insanlara xidmət etməlidir. İnsanlar küçədə polis işçisinə rast gələndə özlərini rahat hiss etməli və onlardan qorxmamalıdırlar. Burada, həmçinin, mədəni dəyişikliklər də nəzərdə tutulur. Mingəçevirdə polis əməkdaşları və əhali arasında anlaşma yaratmaq istiqamətində iş aparılıb. Polislər başa düşməlidirdər ki, onlar qanunu həyata keçirməlidirlər, həmçinin, onların nüfuzu böyükdür və bu da normal haldır. Lakin bu tədbirlər kömək məqsədilə həyata keçirilməlidir. Onların məqsədi vətəndaşların xəbərdar edilməsi olmalıdır. Biz bu vəziyyətlə üzləşən ölkələr də daxil olmaqla, Avropa ölkələrindən ekspertlər dəvət etmişik. İndi biz bu layihəni Azərbaycanın digər rayonlarında həyata keçirmək istəyirik. ATƏT bu məsələlərdə yalnız yardımçı qismində çıxış edir. Azərbaycan bu layihənin digər regionlarda həyata keçirilib-keçirilməyəcəyi barədə özü qərar verməlidir. Qeyd etdiyim kimi, poblemlər hələ də qalmaqdadır. İnsanlar polisə hörmət etməli və xidmət planında onlara qarşı tələbkar olmalıdırlar.

- İnsanların polisə hörmət etməsi üçün nə etmək lazımdır?

- Mən nikbin olmağı üstün tutardım. Polislər üçün yeni tədris kursları hazırlanıb. ATƏT bu addımı dəstəkləyir. Bu proqrama əsasən, təlim keçmiş polislər öz həmkarlarından fərqlənməlidirlər. İnsan hüquqları onların işində əsas yer tutmalıdır. Bunun üçün vaxt tələb olunur. Biz gənclərə arxalanmalıyıq, yaşlı nəslin münasibətini başa düşmək çətindir.

- ATƏT-in Azərbaycanla bağlı mühüm layihələrindən biri iqtisadiyyatın inkişafına yönəlib. Bu, ölkənin iqtisadi artımı baxımından mühümdür.

- Bu layihənin aspektləridən biri korrupsiya ilə mübarizədir. Bizim tədqiqatlar aparmaq imkanımız yoxdur, bu səbəbdən də, korrupsiyanın böyük bir problem olduğunu bəyan edən ümumi konsepsiyalar hazırlayırıq. Biz dövlətin vətəndaş cəmiyyətinin iştirakı ilə korrupsiyaya qarşı həyata keçirdiyi proqramı dəstəkləyirik. Biz vətəndaşların korrupsiya ilə əlaqədar şikayətlərinə baxan korrupsiyaya qarşı mübarizə mərkəzlərinin də fəaliyyətini dəstəkləyirik. İqtisadi artım müsbət tendensiyadır. Əsas məsələ artımın idarə edilməsidir. Neft Fondunun yaradılması çox ciddi addımdır. Burada toplanan vəsaitlər şəffafdır və bu gəlirlərə nəzarət olunur. Korrupsiya və iqtisadiyyatın qarşılıqlı surətdə əlaqəsi çox neqativ haldır. Azərbaycan cəmiyyəti və hökuməti yaxşı başa düşür ki, ölkənin zəngin olması bütün problemlərin həlli demək deyildir. İqtisadiyyatın diversifikasiyası məqsədilə səylər göstərilməlidir. Əgər rəqabət yoxdursa, sağlam özəl sektor yaradıla bilməz. Məhkəmələrdə korrupsiya ilə mübarizə azad rəqabətə gətirib çıxaracaq. Məncə, tədricən özəl sektor da daxil olmaqla, hər şey nəzarət altına alınacaq. Bu məsələ də məhkəmə sistemi ilə bağlıdır. Bütün proseslər paralel olaraq gedir, bu səbəbdən də mən qeyd etdim ki, digər problemlərin hələ də həll olunmadığı təqdirdə, biz hər hansı bir vəziyyətlə mübarizə apara və ya bu məsələrinin həll olunacağına ümil edə bilmərik. Proses eyni zamanda baş verməli, yəni məhkəmənin nüfuzunun möhkəmləndirilməsi korrupsiyaya qarşı mübarizə ilə müşayiət olunmalıdır. Gəlin vəziyyəti digər ölkələrdə olan vəziyyətlə müqayisə edək. Demokratikləşmənin uğurla başa çatdığı ölkələrdə bu proses iqtisadi inkişafla müşayiət olunub. Biznes üçün hüquqi təminatın olduğu təqdirdə, özəl sektor inkişaf edir və əhali bundan faydalanır. Bank sektoru da mühüm və əsas sektorlardan biridir. Çili və digər Avropa ölkələrinin təcrübəsinə nəzər salmaq lazımdır. Məncə, işgüzar dairələr də korrupsiyaya qarşı mübarizəyə qoşulmalı və şəffaf bazar iqtisadiyyatını inkişaf etdirməyə çalışmalıdırlar.

- Azərbaycanda 2008-ci ilin əsas hadisəsi prezident seçkiləri olacaq. ATƏT seçkilər dövründə necə işləyəcək?

- Seçki Məcəlləsini təhlil etməklə və beynəlxalq ictimaiyyətin köməyini Azərbaycana yönəltməklə, biz hüquqi islahatlar həyata keçirəcəyik. Diqqət tələb edən bir sıra məsələlər var. Bu məsələlər seçkiqabağı dövr, səsvermə və seçkidən sonrakı dövr ilə əlaqədardır. Təcrübə heç də qanundan az əhəmiyyət daşımır.

Həm mətbuat, həm də siyasi dairələrdə mövcud olan mühiti müyyən etmək lazımdır. Namizədlərə, öz təkliflərini sərbəst sürətdə ictimaiyyətə çatdırmaq üçün imkan yaradılmalıdır. Normal demokratik mühit yaradılmalıdır. Əhali öz qərarını səsvermə günü qəbul edəcək. Məncə, inkişaf olacaq və bizim hər birimiz buna çalışmayılıq.

- Azərbaycanda KİV-lə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Çox vaxt mətbuatla bağlı vəziyyəti jurnalistlərin qeyri-peşəkarlığı və hökumətin söz azadlığını boğması ilə izah edirlər.

- Məlum olduğu kimi, həm ATƏT-in institutları, həm də təşkilata üzv olan dövlətlər Azərbaycanda KİV ətrafında mövcud olan vəziyyətlə bağlı narahatlıq hissi keçirirlər. Diffamasiya, böhtan, peşəkarlıq səviyyəsi ilə bağlı problemlər həll olunmalıdır. ATƏT-in və digər institutların mövqeyi ondan ibarətdir ki, cinayət məsuliyyətinə cəlb olunma ən münasib yol deyil. Ayrı -ayrı şəxsləin reputasiyasının qorunması və jurnalistlərin öz hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradılması məsələsində ortaq məxrəcə gəlinməlidir. Biz jurnalistlərin məsuliyyəti məsələsinin mühümlüyünü xüsusilə vurğulayırıq. Bu məsələlər mətbuatın özünütənzimləmə və KİV-in inkişafı sahəsində Azərbaycanı dəstəkləyən donorlarla müzakirə olunub. ATƏT iki belə layihəyə cəlb olunub. Mətbuat və hökumət, reputasiya, milli təhlükəsizlik və hörmət kimi amillərin nəzərə alınacağı ortaq məxrəci tapmalıdırlar. Məncə, bu məsələ seçkilərə qədər həll olunmalıdır.

- Bəlkə Azərbaycan mətbuatında peşəkar jurnalistlərin sayının artırılmasına ehtiyac var?

- Mən Azərbaycanda gənc, fəal, istedadlı, peşəkar jurnalimstlərə rast gəlirəm. Biz onlarla işləyir, onlardan bəzilərinə kömək edirik. Bu insanlar böyük potensiala malikdirlər. Jurnalistlər öz səviyyələrini qaldırmalı, texniki bacarıqları inkişaf etdirməli və eyni zamanda, məsuliyyət hissi keçirməlidirlər. Jurnalist --ictimaiyyətin həyatında rol oynayan şəxsdir. Jurnalistlər məsuliyyət daşıyırlar ki, biz bunu nəzərə almalıyıq. Digər bir problem Azərbaycanda KİV-in iqtisadi imkanlarıdır. Məhz bu səbəbdən, ölkədə mətbuat inkişaf edə bilmir. Mətbuatın maliyyə imkanlarının, onun müstəqilliyinin möhkəmləndirməsi daha yaxşı olardı. İnternet-mətbuatın yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu, nisbtən az investisiya tələb edir və gələcək üçün nəzərdə tutulub. Mümkündür ki, qəzetlər gələcəkdə az tələb olunacaq və onları İnternet əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti