Gürcüstan, Tbilisi, 08 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycanda narkomaniyanın qarşısının alınması haqqında ümummilli kompleks proqam hazırlanıb və ardıcıl olaraq həyata keçirilir. Bu barədə SCAD-ın rəhbər şurasının Tbilisidə keçən bugünkü iclasında Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov məlumat verib.
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (UNDP) Cənubi Qafqazda narkomaniya əleyhinə SCAD proqramının beşinci mərhələsinin həyata keçirilməsinə başlayıb. Proqramın beşinci mərhələsinin rəsmi açılışı Tbilisidə "Şeraton Metexi Palas" mehmanxanasında baş tutub. Açılış mərasimində region ölkələri hökumətlərinin nümayəndələri iştirak ediblər. Narkomaniya əleyhinə proqram Gürcüstan, Azərbaycan və Ermənistan hökumətlərinə Avropa İttifaqının narkotiklə mübarizə təcrübəsi ilə tanış olmağa və Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planı ilə nəzərdə tutulan tövsiyələri yerinə yetirməyə kömək edir. Proqramın beşinci mərhələsinin büdcəsi 2 mln. avronu ötür və iki il davam edəcək.
Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə Narkomaniya və Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Onun tərkibində narkotiklərin qanunsuz dövriyyəsi sahəsində siyasətin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan müvafiq idarələrin, müəssisələrin, ictimai və beynəlxalq qeyri-hökumət təşkilatlarının işini koordinasiya edən işçi orqan fəaliyyət göstərir.
"Bu gün konkret səylər narkotiklərin qanunsuz dövriyyəsinin fəal surətdə aradan qaldırılması, transmilli narkocəmiyyətlərin narkotiklərin Şərqi Avropaya sonra isə Qərbə daşınması üçün bizim dövlətin ərazisindən dəhliz kimi istifadə etməsinin qarşısının alınmasına yönəlib" - Azərbaycan daxili işlər nazirinin müavini bildirib.
Onun sözlərinə görə, narkotik bitki əkinlərinin məhv edilməsi, narkomanların aşkara çıxarılması, müalicəsi və reabilitasiyası üzrə planlı iş aparılır.