...

Azərbaycanın hakim partiyası namizədinin 97 faiz səs toplayacağına əmindir

Siyasət Materials 20 Fevral 2008 14:26 (UTC +04:00)
Azərbaycanın hakim partiyası namizədinin 97 faiz səs toplayacağına əmindir

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədinin prezident seçkilərində yüksək səs çoxluğu ilə qələbə çalacağına əmindir. "Azərbaycanda aparılan ilkin rəy sorğusu nəticəsində bəlli olub ki, partiyanın namizədi İlham Əliyev 97 faiz səs çoxluğu ilə qalib gələcək" çərşənbə günü YAP-ın Yasamal rayon təşkilatının toplantısında çıxışı zamanı partiyanın icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın əvvəlində keçiriləcək. YAP seçkilərdə partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb. 10 müxalifət partiyası isə artıq seçkilərə öz namizədləri ilə gedəcəklərini bəyan edib. "Azadlıq" blokunda cəmləşən müxalif Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal partiyaları seçki komissiyalarının paritet əsasda formalaşmayacağı təqdirdə, seçkiləri boykot edəcəklərini bildiriblər.

Novruzov deyib ki, Azərbaycan iqtidarı ölkədə demokratik seçkilərin keçirilməsində maraqlıdır. Onun sözlərinə görə, Azərbaycanın inkişafını görmək istəməyən bəzi xarici dövlətlər prezident seçkiləri ərəfəsində çaxnaşma yaratmaq istəyəcək. Novruzov çıxışında həmin ölkələrin adını açıqlamayıb.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti