...

AMİP sədrliyinə namizədlərə senzura tətbiq olunmalıdır – keçmiş sədr

Siyasət Materials 8 Aprel 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Ayaz Rüstəmov hesab edir ki, partiya sədrliyinə namizədlərə senzura tətbiq edilməlidir.

"AMİP ciddi bir partiyadır və partiyanın ali orqanları sədrliyə iddialı şəxslərin layiqli olub-olmamasına dair rəy verməlidir" -deyə Rüstəmov Trend a açıqlamasında bildirib.

Rüstəmov ötən ilin sonunda AMİP sədrliyindən istefa verib və partiyanın yeni sədrini seçmək üçün aprelin 20-də AMİP-in növbədənkənar qurultayı keçiriləcək.

Partiya sədrliyinə hazırda iki nəfər - Ələddin Əsgərov və Fəqan Məhərrəmov namizəd olacağını bildirib.

Rüstəmovun sözlərinə görə, hələlik cəmi iki nəfər namizəd olacağını bildirsə də, əslində, sədrliyə iddialılar çoxdur.

Rüstəmov onu da bildirib ki, AMİP-in Siyasi Şurası partiya sədrliyinə namizədlər barədə müzakirələr aparıb rəy çıxarmalıdır: "Nizamnaməyə görə, partiyanın hər bir üzvü sədrliyə namizəd ola bilər. Lakin AMİP-in tarixi, cəmiyyətdə oynadığı rolu, nüfuzu tələb edir ki, partiyanın sədrliyinə layiqli, tanınmış, nüfuzlu şəxslər namizəd olmalıdır. Ona görə də mən hesab edirəm ki, Siyasi Şura AMİP yaranan gündən partiyada zəhməti olan, tanınmış simaları namizəd kimi qurultaya buraxmalıdır"-deyə Rüstəmov bildirib.

Rüstəmov daha sonra deyib ki, özü sədr olanda onunla birgə partiya rəhbərliyində, idarəçiliyində təmsil olunmuş şəxslər də AMİP sədrliyinə iddia etməməlidirlər. Rüstəmovun fikrincə, bu şəxslər AMİP-in baş katibi Fuad Muxtarov və Mərkəzi Şuranın sədri Əli Ələkbərovdur: "Mənim sədrliyim dövründə partiyanın fəaliyyəti tənqid olunurdu, guya üzvləri qane etmirdi. Ona görə də mənimlə birgə çalışan baş katib və Mərkəzi Şuranın sədri AMİP sədrliyinə namizəd olmamalıdır. Bu şəxslər partiyanın idarəçiliyində qənaətbəxş fəaliyyət göstərməyiblərsə, deməli, sədr kimi də fəaliyyətləri qaneedici olmayacaq"-deyə Rüstəmov bildirib.

Keçmiş sədrin fikrincə, onun komandasından olan şəxs sədr seçiləcəksə, bu, partiyada yenidən narazılıqlar yaradacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti