...

MTN özünü nazirliyin əməkdaşı kimi qələmə verən Bakı şəhər sakinini saxlayıb

Siyasət Materials 25 Aprel 2008 15:18 (UTC +04:00)
MTN özünü nazirliyin əməkdaşı kimi qələmə verən Bakı şəhər sakinini saxlayıb

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi özünü nazirliyin yüksək vəzifəli əməkdaşı kimi qələmə verən Bakı şəhər sakinini yaxalayıb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə günü verilən məlumata görə, Bakı şəhər sakini, vətəndaşlığı olmayan, əvvəllər dələduzluq və talama, habelə rüşvət vermə cinayətlərinə görə iki dəfə məhkum olunmuş Baxşeş Ərdəşir Yusifəli oğlu MTN əməkdaşı kimi özünü təqdim edərək dələduzluqla məşğul olub.

O, özünü MTN-in məsul əməkdaşı, polkovnik Adil Baxşəliyev kimi təqdim edərək, müxtəlif dövlət strukturlarına işə düzəltmək adı ilə şəxsləri aldadaraq əmlaklarını ələ keçirib.

Baxşeş Ərdəşir hələ 2005-ci ilin yazında tanışı Ağakərim Mirzəyevin vasitəçiliyi ilə vətəndaşlar - Anar Şirinov və onun atası Sədaqət Şirinov ilə görüşərək, Anarı 12 min ABŞ dolları müqabilində MTN-də işə düzəltmək barədə razılaşıblar.

Sonrakı görüşlərində Milli Təhlükəsizlik Nazirliyinin zabiti adı ilə şəxsən Anar Şirinovla guya kadr hazırlığı məqsədilə uydurma psixoloji testlər keçirib, nazirliyə işə qəbul üçün müvafiq sənədlərin surətlərinin ona çatdırılmasını tapşırıb.

Baxşeş Ərdəşir Anar Şirinovu işə düzəltmək üçün onun əmisi Elbrus Şirinovdan 5 min ABŞ dolları alıb. İşə düzələndən sonra əlavə daha 7 min ABŞ dolları vermələri barədə onlarla razılığa gəlib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin dələduzluq (178.2.4-cü) və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələri ilə cinayət işi başlanıb.

Baxşeş Ərdəşir təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

MTN Baxşeş Ərdəşirin qanunsuz əməllərindən zərər çəkmiş digər vətəndaşlardan nazirliyə müraciət etmələrini xahiş edir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti