Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan və Türkmənistan yaxın gələcək üçün əməkdaşlıq perspektivlərini müəyyən edəcəklər. Bu mövzuda yüksək səviyyədə danışıqlar Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri zamanı aparılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Azərbaycan prezidentinin Türkmənistna səfəri ilə bağlı hazırlıq işləri gedir. Hazırda səfər proqramı müzakirə edilir. Proqram çərçivəsində tərəflərin maraqları müzakirə olunacaq", - deyə Xələfov bildirib.
Ticari-iqtisadi münasibətlərin genişləndirilməsi məsələsi danışıqlarda əsas mövzulardan biri olacaq.
2008-ci ilin yanvar-oktyabrında Azərbaycan ilə Türkmənistan arasında mal dövriyyəsi 146 mln. dollar təşkil edib.
Azərbaycan prezidentinin Aşqabada səfəri çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan liderlərnin üçtərəfli görüşü keçiriləcək. Üç ölkə liderləri eneji əməkdaşlığı məsələsini müzakirə edəcəklər.