Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ilə münasibətləri yenidən nəzərdən keçirə bilər.
Azərbaycan AŞ PA-nın ölkədə cərəyan edən hadisələrə qeyri-obyektiv qiymət verməsinə dair öz mövqeyini bildirib, - AŞ PA-nın vitse-prezidenti və Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bazar ertəsi Azərbaycan Milli Məclisinin iclasında bildirib.
"AŞ PA Azərbaycana qarşı ikilı standartların tətbiqini davam etdirərsə, Bakı bu təşkilatla münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur olacaq", - Seydiov deyib.
İstənilən təşkilat ölkədə baş verən prosesləri obyektiv qiymətləndirməlidir, - o deyib.
"Ermənistandakı mənfi proseslərə göz yuman AŞ PA Azərbaycanda problemlər axtarır və Azərbaycanda siyasi məhbus məsələsi 10 il əvvəl həll edildiyi halda, insan hüquqlarının pozulması və siyasi məhbuslar üzrə məruzəçi təyin etməyə çalışır", - Seyidov bildirib.
Onun sözlərinə görə, AŞ PA Ermənistanda siyasi məhbus görmür. "AŞ PA-nın Ermənistan haqqında sənədlərində "siyasi məhbus" sözü göstərilməyib, "azadlıqdan məhrum edilmiş insanlar"ın problemləri göstərilib. Həbs edilmiş deputatları necə siyasi məhbus saymamaq olar?", - Seyidov qeyd edib.
Yanvarın 27-də AŞ PA-nın qış sessiyasının iclasında Ermənistanın təşkilat qarşısındakı öhdəlikləri müzakirə edilib. Monitorinq Komitəsinin ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin qiymətləndirməsi üçün aprel sessiyasınadək müddəti uzatmaq barədə qərar qəbul edilib.
Ermənistan əsas öhdəliklərdən birini yerinə yetirməməkdə - ölkədə insan hüquqlarının pozulmasında ittiham olunur. 2008-ci il fevralın 20-dən İrəvanın mərkəzində Serj Sarkisyanın qələbə çaldığı 2008-ci ilin prezident seçkisinin yekunlarından razı olmayan erməni müxalifətinin etiraz aksiyaları başlayıb. Martın 1-də bu aksiyalar hüquq-mühafizə orqanlarının nümayəndələri ilə toqquşmalara çevrilib. Nəticədə 10 nəfər həlak olub və 265 nəfər yaralanıb. Ermənistana qarşı iki əsas tələb irəli sürülüb - siyasi məhbusları azad etmək və mart hadisələrinin qərəzsiz təhqiqatını aparmaq. İndiyədək tələblərdən heç biri yerinə yetirilməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]