Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir C.Babayeva /
Bakıda nəzərdə tutulan nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) növbəti danışıqlara start veriləcək.
"Azərbaycanla MAQATE-nin birgə həyata keçirəcəyi beş layihə, o cümlədən nüvə tədqiqat reaktorunun tikintisi ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycandan geniş nümayəndə heyəti iyunun 24-25-də qurumun Baş ofisi yerləşən Vyanaya gedəcək", - çərşənbə günü Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
Trend -un arayışı: Ötən ilin sonlarında MAQATE-nin Hakimlər Şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün təqdim olunan layihənin əsaslandırılmasını təsdiqləyib. Layihəyə əsasən, institut üç il ərzində layihənin əsaslandırılmasını həyata keçirəcək və MAQATE-yə təqdim edəcək. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti razılığını verib. Azərbaycanda ilk öncə 30 MVt gücündə nüvə reaktorunun tikilməsi nəzərdə tutulmuşdu. Reaktorun Bakının Pirəküşkül qəsəbəsində tikilməsi nəzərdə tutulub.
Qəribov deyib ki, ilkin əsaslandırmada nüvə reaktrının 10-15 MVt gücündə olması nəzərdə tutulub.
"İlk olaraq 30 MVT gücündə nüvə reaktorunun tikintisi nəzərdə tutulsa da, dünyada baş verən maliyyə böhranına görə reaktorun gücünün azaldılması qərarına gəldik. İlkin hesablamalara görə, bu gücdə reaktorun qiyməti təxminən 100 mln. manat təşkil edəcək", - Qəribov əlavə edib.
Onun sözlərinə görə, hazırda Rusiya, Argentina, Fransa və Kanada reaktorlarından istifadə məsələsi müzakirə edilir.
Qəribov deyib ki, layihə əsaslandırıldıqdan sonra nüvə tədqiqat reaktorunun gücü və onun smeta dəyəri dəqiq bilinəcək. Layihənin əsaslandırılması üçün MAQATE 270 min dollar verib.
Trend -un arayışı: Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə daha öncə Trend -a bildirib ki, ölkədə nüvə tədqiqat reaktorunun tikilməsi ekoloji tarazlığın pozulmasına səbəb olacaq.
Tibb elmi tərəfindən təsdiqlənib ki, radioaktivlik insanlarda xərçənc, qan xərçəngi, beyin iflici, ürək çatışmazlığı və digər ağır xəstəliklər yaradır.
Azərbaycanın müstəqil ekoloqları hesab edirlər ki, Azərbaycanda yeni tikiləcək nüvə reaktorunun fəaliyyəti zamanı radioaktivlik yaradan reaksiyalar aparılacaqsa, mütləq insan səhhətinə ziyanı olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]