...

Avropa Şurasının Konqresində Azərbaycanda bələdiyyə seçkiləri müzakirə olunub

Siyasət Materials 6 Fevral 2010 11:49 (UTC +04:00)
Fevralın 5-də Fransanın Paris şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunda Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmiş monitorinq missiyasının hesabatı müzakirə olunub. Bu barədə Trend News-a cümə günü fransalı senator, Konqresin vitse-prezidenti və Azərbaycan üzrə məruzəçisi Jan Klod Frekon məlumat verib.
Avropa Şurasının Konqresində Azərbaycanda bələdiyyə seçkiləri müzakirə olunub

Fransa, Strasburq, 5 fevral/ Trend , müxbir A. Məhərrəmli/

Fevralın 5-də Fransanın Paris şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunda Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmiş monitorinq missiyasının hesabatı müzakirə olunub. Bu barədə Trend -a cümə günü fransalı senator, Konqresin vitse-prezidenti və Azərbaycan üzrə məruzəçisi Jan Klod Frekon məlumat verib.

O qeyd edib ki, Büronun iclasında Azərbaycanda bələdiyyə seçkilərinin gedişi ilə bağlı hesabat seçkilər üzrə məruzəçi Frensis Lek tərəfindən təqdim edilib. Sözügedən hesabatın mətni hazırkı formada Büro üzvləri tərəfindən təsdiq olunub və Konqresin 2010-cu il martın 17-18-də keçiriləcək 18-ci sessiyasına kimi qurumun üzvləri arasında yayılacaq. Sözügedən sessiyada hesabat müzakirə olunacaq və onun əsasında müvafiq sənəd qəbul ediləcək.

Fransalı senator qeyd edib ki, Büro Konqres prezidentinin Azərbaycan hakimiyyət qurumlarına və AŞ Nazirlər Komitəsinə rəsmi məktub ünvanlamasına qərar verib.

"Büro üzvləri Konqresin sədr əvəzi Yan Mikallef tərəfindən AŞ Nazirlər Komitəsinə Azərbaycanda seçki praktikasının, xüsusilə, səslərin hesablanmasının daha da təkmilləşdirilməsinə dair tövsiyə və qənaətlərin yer aldığı rəsmi məktubun ünvanlanmasını qərara alıb. Sonra bu məktub Nazirlər Komitəsi tərəfindən Azərbaycan hakimiyyət orqanlarına (Azərbaycan Respublikasının Prezidenti və ədliyyə naziri) təqdim ediləcək. Ümumiyyətlə, Konqresin Azərbaycanda keçirilən bələdiyyə seçkilərinə dair müşahidələri AŞ Nazirlər Komitəsinə təqdim ediləcək", - Frekon bildirib.

Fransalı senator qeyd edib ki, o, 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərindən etibarən Azərbaycanda yerli seçkiləri müşahidə missiyasının tərkibində olub. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri təşkilati və texniki baxımdan yaxşı təşkil olunub və irəliləyişlər var.

Qeyd edək ki, keçən il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini türk deputat Qaya Doğanoğlunun rəhbərlik etdiyi monitorinq missiyası müşahidə edib.

Xəbər lenti

Xəbər lenti