...

Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Mart 2010 12:00 (UTC +04:00)
Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyil. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq, bunu cümə günü Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Azərbaycan ən sürətlə inkişaf edən, sabit, dünyada öz rolunu oynayan ölkədir – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

RED: Əlavəsi: Prezidentin yekun nitqi əlavə edilib

Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyil. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq, bunu cümə günü Prezident İlham Əliyev  Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

"Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir" İlham Əliyev deyib, məlumatı cümə günü AzərTAc dövlət agentliyi yayıb.

Prezident deyib ki, Azərbaycan dövləti nə istədiyini dəqiq bilir.

"Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz iqtisadi azadlığımızı və müstəqilliyimizi daha da gücləndirək. Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik.

Ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki, dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları, siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur" dövlət başçısı vurğulayıb.

İlham Əliyev bildirib ki, artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir.

"Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi.

Bu bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır" Prezident nitqində söyləyib.
 
Dövlət başçısının sözlərinə görə, əslində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir. Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olub.

"Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yerləri açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük" İlham Əliyev deyib.
 
Prezident hesab edir ki, bu gün Azərbaycan miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməlidir.

"İlk növbədə ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar.

İşsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq. Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı. Biz böyük işləri gördük, bərabər gördük. Bütün bölgələrdə sürətli inkişaf müşahidə olunurdu. Ancaq bununla bərabər, hələ ki, problemlər vardır və biz onları həll etməliyik. Biz bu problemləri bilirik." İlham Əliyev söyləyib.
 
Dövlət başçısı deyib ki, problemlərin həll edilməsi üçün konkret addımlar atılır. Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur.

"Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır. 2009-cu ildə əldə edilmiş uğurlar əlbəttə ki, bizi ruhlandırır, sevindirir, yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız - Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu" Prezident vurğulayıb.
 
İlham Əliyevin sözlərinə görə, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar.
"2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir. Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq" dövlət başçısı çıxışında qeyd edib.
 
Prezident bildirib ki, Azərbaycan xarici sərmayələr üçün çox məqbul bir yerdir.

"Bu imici biz, ilk növbədə, neft-qaz sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması məhz o məqsədi güdürdü ki, bizim üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq.

Bu gün Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan layihələr böyük əhəmiyyət daşıyır. Azərbaycanın daxilində, bölgədə həm infrastruktur, həm nəqliyyat, həm kənd təsərrüfatı və digər sahələrdə görülən işlər Azərbaycanı daha da gücləndirəcəkdir. Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək" İlham Əliyev deyib.
 
Prezident çıxışında Azərbaycanın regionda çox mühüm rol oynadığını vurğulayıb.

"Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır. Bu gün ölkə daxilində problemlərimiz yoxdur. Çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır. Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün məsələlərdə biz istədiyimizə nail olacağıq. Bu illər ərzində əlbəttə ki, iqtisadi və sosial məsələlərin həllinə böyük diqqət göstərilmişdir. Ancaq ölkəmizin problemləri təkcə bunlarla bitmir" dövlət başçısı söyləyib.
 
İlham Əliyev deyib ki, ordu quruculuğunda böyük işlər görülüb və ordumuz müasirləşib.
"Hərbi sənaye yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir faizi görünür. Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir ölkə kimi yaşasın. Bu məsələlər daim diqqət tələb edir. Bu gün görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün cəmiyyət bu işlərdə fəal çalışmalıdır. Bugünkü görüş daha çox sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir. Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir" Prezident bildirib.
 
İlham Əliyev vurğulayıb ki, əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır.
"Gərək məhsul olsun ki, o, emal edilsin, ondan sonra bazarlara çıxsın. Biz bazarlara çıxmaq üçün daha da ciddi addımlar atmalıyıq və sahibkarları bu işdə də ciddi dəstəkləməliyik. Azərbaycan dövlətinin beynəlxalq imkanlarını nəzərə alaraq biz gərək onlara dəstək verək ki, sahibkarlıq Azərbaycanda sürətlə inkişaf etsin. Yenə də deyirəm ki, biz inkişaf etmiş ölkələrin də müsbət təcrübəsini götürməliyik. O ölkələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta sahibkarlıqdır. Biz də bu yolu getməliyik. Biz də elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Bu gün bu, belə deyildir və əlbəttə ki, bunu bu gün gözləmək sadəlövhlük olar. Çünki bizim böyük neft-qaz hasilatımız vardır. Biz sahibkarlığı nə qədər inkişaf etdirsək də, yenə də sahibkarlıqda yaranan məhsul, milli gəlir ona, neft-qaz sektoruna çatmaz. Amma bunu etməliyik, bütün şəraiti yaratmaqla, xarici bazarlara çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz buna nail olmalıyıq. Azərbaycan bazarı, - yəni əgər biz böyük ölkələrlə özümüzü müqayisə etsək, - kifayət qədər məhdud bazardır. Baxmayaraq ki, əhalimizin sayı artır, biz artıq 9 milyonuq, yenə də bu, reallıqdır, bu, məhdud bazardır. Bu gün bu bazarın böyük hissəsini, - hər halda mən ərzaq məhsullarını nəzərdə tuturam, - biz özümüz təmin edirik, özü də qısa müddət ərzində. Bütün əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün, - bu rəqəmləri mən sonra deyəcəyəm, - biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. İki-üç ildən sonra demək olar ki, 100 faiz təmin etməliyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq. Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olunsun. Bu gün biz imkanlarımızın böyük hissəsini artıq işə sala bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə tədbirlər görməliyik" Prezident deyib.
.
Dövlət başçısının sözlərinə görə, bütün planlar sistemli xarakter daşıyır.
"Biz hər istiqamətdə olduğu kimi, iqtisadi siyasətdə də öz fəaliyyətimizi proqram, plan, cədvəl, konkret müddəalar, maliyyə mənbələri, dövlət büdcəsinin, özəl sektorun, xarici sərmayədarların mənbələri üzərində cəm şəkildə qururuq. Xarici kreditlər, onlar da çox vacib rol oynayır, inkişafımızı təmin edir. Bu, artıq vardır. Əsas vəzifə proqramda nəzərdə tutulmuş bütün vəzifələri vaxtında və böyük keyfiyyətlə icra etməkdir. Ancaq yenə də deyirəm ki, bu, ölkəmiz qarşısında duran əsas sosial və iqtisadi məsələlərin həlli üçün kifayət edəcəkdir. Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər, sahibkarlar da bu işlərə qoşulmalıdırlar. Azərbaycanda sahibkarlar artıq cəmiyyətimizin güclü bir hissəsi kimi formalaşır. Çox sevindirici haldır ki, bizim sahibkarlarda yeniliyə meyil güclənir. Onlar çalışırlar ki, ən gözəl şərait olsun, ən gözəl texnologiyalar gətirilsin. Azərbaycanda son illər ərzində istehsal olunan məhsullar yüksək standartlara cavab verir" İlham Əliyev çıxışında bildirib.

XXX

"Biz birinci Dövlət Proqramı qəbul edildikdən sonra bu formatda hər il görüşürük. Bu görüşlərin böyük əhəmiyyəti vardır. Həm sahibkarlar, eyni zamanda, bütün rayonların icra hakimiyyətinin başçıları bu görüşlərdə iştirak edirlər. Həm görülən işlər təhlil edilir və ən önəmlisi ondadır ki, gələcək planlar da müzakirə edilir, əlavə tədbirlərin görülməsi üçün də konkret addımlar atılır. Mən əminəm ki, bu görüşdən sonra rayonların icra hakimiyyətinin nümayəndələri dövlət strukturlarının nümayəndələri ilə görüşəcəklər, proqramın birinci ilinin yekunlarını daha da geniş şəkildə müzakirə edəcəklər. Əgər ehtiyac olarsa, hər bir rayon üzrə nəzərdə tutulmuş proqrama əlavələr edilməsi haqqında təkliflər də səslənəcəkdir" bunu cümə günü Prezident İlham Əliyev  Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda yekun nitqində bildirib.

 
Dövlət başçısı hesab edir ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olub. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik. Bu gözəl təcrübəyə əsaslanaraq, biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri eyni qayda ilə həll etməliyik. Proqramın icrası yəqin ki, düzəlişlər tələb edəcəkdir. Çünki 2009-cu ildə qəbul edilmiş proqramda həllini gözləyən, yaxud da ki, qarşıya yeni çıxan məsələlərin hamısını nəzərdə tutmaq mümkün deyildi. Haradasa əlavələr, düzəlişlər, əlavə maliyyə mənbələrinin təşkil edilməsi məsələləri də öz həllini tapmalıdır.

"Bir sözlə, hesab edirəm ki, birinci ilin yekunlarına dair daha da geniş müzakirələr aparılmalıdır. Ən önəmlisi, 2010-cu ildə görüləcək işlər haqqında geniş müzakirələr aparılmalıdır. 2010-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. Bunu etmək üçün bir daha deyirəm ki, bütün imkanlar vardır. Dövlət Proqramının icrası, eyni zamanda, Azərbaycan dövlət büdcəsinin xərclərində də öz əksini tapır. Dövlət büdcəsi təbii ki, qəbul ediləndə proqramda nəzərdə tutulmuş məsələlərin həlli üçün maliyyə mənbələrinin təşkil edilməsi də nəzərdə tutulmuşdur, yəni maliyyə problemləri olmayacaqdır. Azərbaycan büdcəsi, bu ilə nəzərdə tutulmuş xərclər, deyə bilərəm ki, çox konservativ şəkildə təmin edilmişdir. Bizim hələ böyük ehtiyatımız vardır. Ona görə də nəzərdə tutulmuş problemlərin həlli üçün maliyyə mənbələri vardır və maliyyə vaxtında açılacaqdır. Texniki imkanlar da vardır. Son illərdə Azərbaycana çoxsaylı xarici istehsallı texnika gətirilibdir. Eyni zamanda, yerli istehsalın gücləndirilməsi sayəsində artıq texnikanın bir hissəsi Azərbaycanda istehsal edilir. Azərbaycanda rəqabətqabiliyyətli müəssisələr işə salınır. Onlar həm daxili tələbatı ödəyir, eyni zamanda, ölkəmizin ixrac potensialı da genişlənir. Odur ki, bütün bu işləri vaxtında və keyfiyyətlə icra etmək lazımdır" İlham Əliyev deyib.
 
Prezident bildirib ki, sahibkarlar da ölkəmizin ümumi inkişafına öz töhfələrini verməyi davam etdirəcəklər. Bunu etmək üçün onların artıq öz vəsaitləri vardır.

"Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlər nəzərdə tutulur. Onlar da verilməyə başlanmışdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin xətti ilə ölkəmizin inkişafı üçün vacib olan layihələr icra edilir. Sahibkarların öz maliyyə imkanları, özəl bankların imkanlarının genişlənməsi və bank resurslarının mövcudluğu, kredit resurslarının artırılması - bunlar da Azərbaycan iqtisadiyyatının inkişafına çox müsbət təsir göstərəcəkdir. Biz çalışmalıyıq ki, daxili istehsalı gücləndirmək üçün bütün imkanlardan istifadə edək. Beləliklə, Azərbaycanda yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, daxili tələbat maksimum dərəcədə Azərbaycanda istehsal olunan məhsullar hesabına təmin ediləcək, güclü ixrac potensialımız yaranacaq və yeni bazarların aşkarlanması işində əlavə tədbirlər görülməlidir.

2010-cu ildə həm ölkəmizin, həm sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələri davam etdiriləcəkdir. Bu infrastruktur layihələri icra olunmasaydı, sahibkarlığın inkişafı haqqında, ümumiyyətlə, söhbət gedə bilməzdi. İlk növbədə, biz özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin etdik və bu gün artıq böyük ixrac imkanlarına malikik. Qazlaşdırma prosesi sürətlə gedir, yollar çəkilir. Əgər müasir, gözəl yollar olmasa, bölgələrin inkişafı mümkün deyildir. Nə kənd təsərrüfatının, nə turizmin inkişafı mümkün deyildir. Ona görə dövlət xərcləri hesabına və xaricdən alınan kreditlər hesabına bu istiqamətlərdə bütün işlər görüləcəkdir. Hər halda hesab edirəm ki, 2010-cu il üçün nəzərdə tutulmuş bütün işlər görülməlidir. Ola bilər ki, biz nəzərdə tutulmamış bəzi istiqamətlərdə əlavə maliyyə vəsaitinin ayrılması ilə artıq işlər də görə bilək" dövlət başçısı yekun nitqində deyib.
 
İlham Əliyevin sözlərinə görə, bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub.

"Qazlaşdırma prosesi də uğurla gedir. Artıq qazlaşdırma 85 faiz təşkil edilib və xüsusilə indi rayon mərkəzlərindən kənarda yerləşən məntəqələrin qazlaşdırılması gedir və bu işlər ən müasir standartlarla görülür. İnfrastruktur layihələrinin içərisində ən vacib, həllini gözləyən içməli su, kanalizasiya və suvarma məsələləridir. Biz bu məsələlər üzərində işləyirik və nəinki konkret proqramlar vardır, onlar artıq icra edilməyə başlanmışdır. Bütün rayonlarda, rayon mərkəzlərində içməli su, kanalizasiya sisteminin quraşdırılması nəzərdə tutulur. Məhz quraşdırılması, çünki əksər yerlərdə bu sistem ümumiyyətlə mövcud deyildir. Bu işlərin görülməsi artıq başlanıb. Hesab edirəm ki, əhalini narahat edən bu ciddi sosial problem qısa müddət ərzində aradan qaldırılmalıdır. Beləliklə, demək olar ki, əsas infrastrukturla bağlı məsələlər öz həllini tapacaqdır" Prezident vurğulayıb.
 
Dövlət başçısının sözlərinə görə, suvarma məsələləri də həm dövlət büdcəsi, həm kreditlər hesabına öz həllini tapır.

"Biz yeni əkin sahələrini işə salmalıyıq. Kənd təsərrüfatı, əslində intensiv şəkildə inkişaf etməlidir. Ancaq hələ ki, dövriyyədən kənarda olan torpaqlar da suvarılarsa, bu torpaqlar artıq münbit vəziyyətə gətiriləcək və kənd təsərrüfatının inkişafı fermerlərin daha da səmərəli fəaliyyəti üçün həm əlavə gəlir mənbəyi yaradacaq, həm də ki, biz öz ərzaq təhlükəsizliyi məsələlərimizi daha da sürətlə icra edəcəyik. Bir daha demək istəyirəm ki, bütün bu məsələlər dövlət büdcəsində və nəzərdə tutulmuş proqramlarda öz əksini tapır. Sadəcə, onu deyirəm ki, biz 2010-cu ildə də bütün bu məsələləri yüksək templərlə həll edəcəyik. Azərbaycanda sosial infrastrukturun yaradılması davam etdiriləcəkdir. Bu da bölgələrdə yaşayan insanlar üçün çox vacibdir. Hər yerdə xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bu proses Azərbaycanda geniş vüsət alıb, 2010-cu ildə də davam etdiriləcək və 2013-cü ilə qədər əsas məsələlər öz həllini tapmalıdır" Prezident bildirib.
 
İlham Əliyev deyib ki, bu il Azərbaycanda "Ekologiya ili"nin elan edilməsi təsadüfi deyil.

"Çünki indi bu sahəyə ən böyük diqqət göstərilir. Biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir. Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Mən bunu alqışlayıram. Daha da fəal olmaq lazımdır ki, biz istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri təmizləməliyik, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır. Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir. Bunu bütün dünya bilir, qəbul edir və görür. Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə "Bir pəncərə" sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur.
Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı. Ancaq bu gün Azərbaycanda çox böyük, regional, yəni transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün. Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar.

Bir sözlə, biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalıdır, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidirlər. Dövlət qurumları da öz təşəbbüsləri ilə, qəbul edilmiş qərarlarla və praktiki addımlarla sahibkarların işini daha da yüngülləşdirməlidirlər. 2009-cu il sahibkarlar üçün ağır il olubdur. Bunu biz etiraf etməliyik. Azərbaycan dövləti və Azərbaycan vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1,5 faiz olmuşdur. Əhalinin pul gəlirləri 10 faizdən çox artmışdır və demək olar ki, sosial ödəmələr tam şəkildə təmin edilmişdir, maaşlarda, pensiyalarda heç bir yubanma olmamışdır. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər. Yəni, bu böhran sahibkarları əlbəttə ki, çox narahat edir. Azərbaycan dövləti öz iqtisadi və sosial proqramını icra edərkən bu amili yaddan çıxarmamalıdır. " Prezident bildirib.
 
Dövlət başçısı deyib ki, kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş bütün subsidiyalar, kreditlər veriləcəkdir.

"Bilirsiniz ki, Azərbaycan fermerləri bu baxımdan başqa ölkələrdən fərqli olaraq ən çox təmin edilmiş fermerlərdir. Həm güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrələr, toxumlar verilir. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Yəni belə gözəl şəraitdən, əlbəttə ki, onlar səmərəli istifadə edirlər. Bu da həqiqətdir. Görülən bütün bu işlər ona gətirib çıxarıb ki, bu gün biz Azərbaycanda 3 milyon ton taxıl istehsalından söhbət aça bilirik. Bu, nadir və necə deyərlər, tarixi bir nailiyyətdir.

Regionların inkişafı proqramı ərzaq təminatı proqramı ilə sıx əlaqədar olmalıdır. Ərzaq təminatı proqramı Azərbaycanda icra edilir. Bir daha demək istəyirəm ki, dövlət dəstəyi, kreditlər, subsidiyalar verilir, hər bir bölgədə emal müəssisələri, soyuducu kombinatlar, taxıl anbarları yaradılır ki, istehsal edilmiş məhsullar xarab olmasın. Yəni biz bu istiqamətə daha da çox diqqət yetirməklə sahibkarlar üçün çox yaxşı şəraitin yaradılmasına kömək göstəririk. Aqrolizinq, aqroservislər - bütün bunlar olmasaydı, sahibkarlar haradan texnikanı ala bilərdilər?! Texnikanın alınması böyük bir problem ola bilərdi. Maliyyə vəsaitini haradan alacaqdılar?! Kreditlər, texnika, bütün dediyim o subsidiyalar, imtiyazlar olmasaydı, biz nəyin hesabına kənd təsərrüfatını inkişaf etdirə bilərdik?! Əlbəttə ki, dövlət bu işlərə qarışmalıdır. Bizim iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Bunu göstəricilər də təsdiq edir. Ümumi daxili məhsulun 85 faizi özəl sektorda formalaşır. O ölkədə ki, 20 il bundan əvvəl özəl sektorda məhsul istehsalı sıfıra bərabər idi. Ancaq buna baxmayaraq, dövlət lazım olan anlarda öz sözünü deməlidir. Əgər dövlət kənd təsərrüfatını dəstəkləməsə, kənd təsərrüfatı batar. Ondan sonra nə edəcəyik? Torpaqlarımız şoranlaşacaq, səhralaşma daha da sürətlə gedəcəkdir. Bölgələrdə yaşayanlar işsiz qalacaqlar. Hara gələcəklər? Şəhərlərə gələcəklər, başqa ölkələrə gedəcəklər. Biz bütün bu işləri görməklə böyük iqtisadi və sosial problemin həllinə nail olduq, özü də köklü şəkildə. Ona görə bütün subsidiyalar, imtiyazlar, güzəştlər davam etdiriləcəkdir. Bizim imkanımız da, iradəmiz də vardır. Görülən bu işlər nəticəsində, bu yaxınlarda mənə verilən arayışda göstərilir ki, biz demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Mən bəzi rəqəmləri indi səsləndirmək istəyirəm ki, bunu hamı bilsin. Özümüzü dənli bitkilər üzrə 76 faiz təmin edirik. Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmamışdır. Sovet vaxtını biz yaxşı xatırlayırıq. O vaxt vahid xalq təsərrüfatı kompleksi adlanan bir sistem var idi. Bütün əsas ərzaq məhsulları başqa respublikalardan gətirilirdi. Burada ət, yağ, süd, ümumiyyətlə, 20-30 faiz istehsal edilirdi, ya edilmirdi. Ancaq bu gün biz özümüzü tam şəkildə təmin edirik, özü də məhsullar da keyfiyyətlidir. Bu sərgidə göstərilən ancaq bir faiz təşkil edir. Müasir süd zavodları, emal müəssisələri, konserv zavodları, dəyirmanlar, şəkər zavodu - bütün bunlar bizim sərvətimizdir. Bu gün mən giriş sözümdə bu barədə dedim - xarici bazarları gərək aşkar edək. Ənənəvi bazarlar bizim üçün məqbuldur, açıqdır, yaxındır və böyükdür. Biz bundan istifadə edirik və edəcəyik. Bu, qarşılıqlı maraqlar əsasında qurulur. Ancaq biz başqa bazarları da aşkar etməliyik. Ənənəvi bazarlara çıxışımız daha da geniş olmalıdır. Mən əminəm ki, bax, bu bəzi pozisiyalar üzrə biz hələ ki, özümüzü 74-76 faiz təmin edirik. İki-üç ildən sonra bu da yüz faizə çatacaqdır. Çünki biz buna çatmaq üçün çalışırıq. Biz bu statistika əsasında öz investisiya proqramımızı müəyyən edirik. Sahibkarlığa Kömək Milli Fondu da bu statistikaya görə öz proqramını tutur. Koordinasiya şəklində aparılan bütün bu işlər də bu nəticələrə gətirib çıxarır. Yəni iki-üç ilə biz özümüzü bütün bu pozisiyalarda da tam şəkildə təmin edəcəyik" İlham Əliyev deyib.
 
Prezident yekun çıxışında daha sonra deyib: "Bununla bərabər, o da həqiqətdir ki, özünü tam şəkildə təmin etmək - bu, belə də bir mütləq hədəf deyildir. İndi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda və xüsusilə rayonlarda bu sahədə ixtisaslaşma getməlidir. Bu sahədə həm Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi gərək konkret təkliflər versinlər ki, ixtisaslaşma özünü daha da qabarıq şəkildə göstərsin. Ancaq o da həqiqətdir ki, bir-iki il bundan əvvəl birdən-birə dünyada ərzaq böhranı yaşandı. Heç kim bunu gözləmirdi. Birdən-birə gördük ki, ərzaq böhranı yaranıb - o çatışmır, bu çatışmır, taxıl yoxdur. Hətta müqaviləyə əsasən pulunu ödəsək də xaricdən taxıl gəlmirdi. Birdən-birə belə bir qıtlıq yarandı. Biz daxili istehsalın artırılması ilə özümüzü belə fəsadlara hazırlamalıyıq. Daxili istehsalın artırılması əlbəttə ki, gələcəkdə ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaqdır. Bu işdə biz yerli sahibkarlara xaricə çıxmaq üçün əlavə şəraitin yaradılmasına çalışmalıyıq. İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi, ilk növbədə bu işlərlə məşğul olmalıdırlar. Bizim artıq 50-dən yuxarı ölkədə səfirliyimiz vardır. Bu sahədə də biz MDB məkanında qabaqcıl yerlərdəyik. Son illər ərzində biz bu səfirlikləri yaratdıq ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycanda gedən proseslər orada bilinsin, Azərbaycan haqqında təhrif edilmiş qərəzli məlumat deyil, həqiqət, həqiqi məlumatlar çatdırılsın. Yəni, bu, bizim resursumuzdur. Bizim səfirliklər də bu işlərdə fəal olmalıdırlar. Yerli sahibkarların o bazarlara çıxması, investisiya imkanlarının araşdırılması və yerli sahibkarlar üçün xaricdə münbit şəraitin yaradılması işində İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Yəqin ki, müəyyən müddətdən sonra təkliflər paketini hazırlamalıdırlar və biz orada görəcəyik ki, hansı ölkədə hansı sahə üzrə Azərbaycanın hansı şirkəti öz biznes imkanlarını genişləndirə bilər. Sahibkarlar da öz tərəfindən İqtisadi İnkişaf Nazirliyinə sifarişlərini versinlər, onlar üçün hansı ölkədə işləmək daha da maraqlıdır, əlverişlidir, məqbuldur ki, Azərbaycan dövləti bu işləri qursun.

Bizim demək olar ki, bütün ölkələrlə münasibətlərimiz müsbətdir, yaxşıdır. Azərbaycanın dünyadakı imici də çox müsbətdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı artır. Mən şübhə etmirəm ki, Azərbaycan şirkətlərini xaricdə böyük maraqla qarşılayacaqlar, xüsusilə, əgər görsələr ki, Azərbaycan dövləti bu işlərdə israrlıdır və öz şirkətlərinə dəstək verir. Bu istiqamət bizim üçün yenilikdir. Bu vaxta qədər biz bu barədə düşünmürdük. Çünki imkanlarımız yox idi. Bu gün biz artıq keyfiyyətli, dünya standartlarına uyğun məhsulun buraxılmasına nail olmuşuq. Gələcək illərdə bu gün görülən işlər ona gətirib çıxaracaq ki, Azərbaycanda ən keyfiyyətli məhsullar istehsal olunacaqdır. Biz indidən özümüzü bu işlərə hazırlamalıyıq.

Bütövlükdə, gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır.

Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir. Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, çirkli oyunlara qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici dairələr bundan o qədər də razı deyillər. Amma bu bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir. İqtisadiyyatın modernləşməsi, sənaye sahələrinin işə salınması Azərbaycanda yeni bir şəraitin yaranmasına gətirib çıxaracaqdır. Biz maksimum çalışmalıyıq ki, istənilən sahə ölkəmizin inkişafını təmin edə bilsin. Kənd təsərrüfatı nəinki kəndliləri işlə təmin etməli, eyni zamanda, ümumi iqtisadi potensialımıza böyük töhfə verməlidir.

Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin. Nəzərə almalıyıq ki, bizim nəinki böyük neft-qaz ehtiyatlarımız, artıq çoxşaxəli nəqliyyat infrastrukturumuz vardır. Bu sahədə də biz təkcə bir marşurutdan asılı deyilik. Bu vəziyyəti biz özümüz, təkbaşına yaratdıq. Bunu nəzərə alsaq, əlbəttə ki, ölkəmizin gələcək inkişafına ancaq nikbinliklə baxmaq olar və belə də olacaqdır.

Azərbaycan irəliyə gedəcək, müasir, zəngin dövlətə çevriləcək, xalqımız yaxşı yaşayacaq, şəhərlərimiz daha da gözəlləşəcəkdir. Bu gün Bakıya gələn hər bir xarici vətəndaş, hər bir qonaq, əgər o, xoş niyyətlə gəlibsə, öz hisslərini gizlədə bilmir. Bakıda yaradılmış gözəllik, mən deyə bilərəm ki, dünyada nadir şəhərlərdə təkrarlana bilər. Bu gözəlliyi, abadlığı, səliqəni, mədəniyyəti, təbiəti, tarixi Azərbaycan xalqının fədakarlığı yaradıb. Bütün bu uğurları xalqımızın vətənpərvərliyi və sözün yaxşı mənasında, inadkarlığı təmin edibdir. Biz daha da fəal çalışmalıyıq ki, ölkəmizi inamla irəliyə aparaq, Azərbaycan xalqı üçün daha da yaxşı şərait yaradaq. Bu işlərdə sizə uğurlar və fəallıq arzulayıram" Prezident yekun nitqində bildirib.

Xəbər lenti

Xəbər lenti