...

Polşa "Şərq tərəfdaşlığı" ölkələrini Avropa İttifaqının gələcək qonşuları kimi görür - XİN rəhbəri Radoslav Sikorski

Siyasət Materials 24 May 2010 17:18 (UTC +04:00)
Polşa "Şərq tərəfdaşlığı" adlı təşəbbüsün iştirakçı ölkələrini Avropa İttifaqının gələcək qonşuları kimi görür. Bunu bazar ertəsi Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə deyib.
Polşa "Şərq tərəfdaşlığı" ölkələrini Avropa İttifaqının gələcək qonşuları kimi görür - XİN rəhbəri Radoslav Sikorski

Polşa, Sopot, 24 may /Trend, müxbir S.Ağayeva/

Polşa "Şərq tərəfdaşlığı" adlı təşəbbüsün iştirakçı ölkələrini Avropa İttifaqının (Aİ) gələcək qonşuları kimi görür. Bunu bazar ertəsi Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə deyib.

"Polşa və İsveçin əsas məqsədi hər bir Avropa ölkəsinin Aİ-yə qoşulmasına nail olmaqdır", - nazir "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.

"Lakin bununla bağlı yalnız arzu etmək kifayət deyil, belə ki, "Şərq tərəfdaşlığı"nın iştirakçı ölkələri insan hüquqları sahəsində də Avropa standartlarına uyğun gəlməlidir", - Sikorski deyib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı"nın əsas istiqamətləri siyasi sahə, vizasız rejimin bərqərar edilməsi üçün səylər, gerçəkləşdirilməsinə Aİ-nin 600 milyon avro ayırdığı azad iqtisadi zona və müxtəlif layihələrin hazırlanmasıdır.

Sikorski qeyd edib ki, "Şərq tərəfdaşlığı" iştirakçı ölkələrinin vizasız rejimə keçməsi üçün bu dövlətlərin siyasi iradəsi və onların biometrik pasportlar və sərhədlərin mühafizəsinin təmin olunması kimi bir sıra meyarlara riayət etməsi vacibdir.

"Bu ölkələrin mövcud şərtlərə əməl etməsi vizasız rejimin bərqərar olunması prosesini sürətləndirə bilər", - o belə hesab edir. "Polşa "Şərq tərəfdaşlığı" ölkələrinə Aİ tərəfindən vizasız rejimlə bağlı daha böyük imtiyazlı şərtlər altında baxılmasını təkid edir", - Sikorski deyib.

Bazar ertəsi Polşanın Sopot şəhərində Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsünün iştirakçı ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü keçirilir.

2009-cu ilin may ayında Avropa İttifaqı tərəfindən həyata keçirilən "Şərq tərəfdaşlığı" proqramı Aİ-ın şərq qonşuları ilə əməkdaşlığının həyata keçirilməsini nəzərdə tutur.

Həyata keçirilməsi üçün 600 milyon avro ayrılmış bu proqrama Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan və Moldova daxildir.

"Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin birinci qeyri-formal görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Xəbər lenti

Xəbər lenti